"Qarabağ" "Vestri" ilə oyunda keyfiyyət nümayiş etdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslandiyanın "Vestri" klubunun baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda "Qarabağ"a uduzduqları (0:3) UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Çətin oyun olub. Rəqib keyfiyyət nümayiş etdirib. Futbolçularımın oyunundan məmnunam. Yaxşı müdafiə olunduq. Nəticədən razı deyiləm. Bu hesab bizi məyus edir. Sadəcə, oyunçuların əzmkarlığı məni qane edib".
O, cavab qarşılaşması haqqında da danışıb:
"Bu görüşə ciddi hazırlaşmalı və keyfiyyəti artırmalıyıq. "Qarabağ"la matç komandamız üçün motivasiyadır. Bizim üçün əsas liqa oyunları daha vacibdir. Rəqib möhtəşəm oyun sərgiləyib. Onlara qarşı oynamaq çətin idi. Kimlərsə təxmin edirdilər ki, "Qarabağ" bizə 10 qol vuracaq".
Qeyd edək ki, cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
Bakı 



