• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Köhnə radio” seçilənlər arasında

MƏDƏNİYYƏT

19 Sentyabr 2023 | 16:31 | Müəllif: Qalib İbrahimoğlu

“Köhnə radio” seçilənlər arasında

Bu il 19-25 oktyabr aralığında Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Belgesel Film Festivalı keçiriləcək. Səkkizinci dəfə düzənlənəcək festivala buraxılacaq sənədli filmlərin seçim turu artıq başa çatıb. Sənət yarışına qatılmaq hüququ qazanan filmlər sırasında Azərbaycan kinematoqrafçılarının istehsal etdiyi “Köhnə radio” da var.

Bu haqda Bakıvaxtı.az-a sənədli filmin rejissoru, “MN Yaradıcılıq Emalatxanası”nın rəhbəri Mübariz Nağıyev məlumat verib. Onun sözlərinə görə, Türk Dünyası Belgesel Film Festivalının direktoru, tanınmış kinoprodüser Menderes Demir və festivalının rəhbərliyində təmsil olunan Hayri Çölaşan mənimlə əlaqə saxlayaraq “Köhnə radio” filminin seçim turundan uğurla keçdiyini bildiriblər. "Təbii ki, yaradıcı insan kimi bu məni sevindirir. Özüm ötən il Türk Dünyası Belgesel Film Festivalı Münsiflər Heyətinin üzvü olmuşam, bilirəm ki, çox maraqlı sənədli filmlər təqdim edilir və orda seçim obyektiv keçirilir”.

Türk Dünyası Belgesel Film Festivalında bütün Türkdilli ölkələr təmsil olunur, o cümlədən, dünyanın istənilən yerində yaşayan türk əsilli rejissorlar yeni sənədli filmləri ilə bu sənət yarışına qatıla bilir. Festivalın idarə qrupunda təmsil olunan görkəmli kino xadimləri arasında Azərbaycanın tanınmış rejissoru, Xalq artisti Oqtay Mirqasım, SSRİ dövlət mükafatı laureatı, Türkmənistanın Xalq artisti, kinorejissor Xocaqulu Narlıyev də var.

Xatırladaq ki, festivala qatılan “Köhnə radio” sənədli filmi Şəkinin 90 yaşlı sakini, dərzi Rasim Məmmədov haqqındadır. Rejissor Mübariz Nağıyevin sözlərinə görə, ekran işinin  qəhrəmanını tanınmış sənətşünas, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın tapıntısı hesab etmək olar: “Bu günə kimi Şirin xanımla maraqlı və uğurlu işbirliyimiz olub. Onun peşəkarlığına, zövqünə yaxından bələdəm. Günlərin birində Şirin xanım Şəkidə dərzi işləyən, 90 yaşlı Rasim dayı haqqında ssenari təqdim etdi, oxuyan kimi mövzu məni cəlb etdi. Çox qısa müddətdə filmi ərsəyə gətirdik”.

“Köhnə radio” sənədli filminin ssenari müəllifi və prodüseri Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmanquliyev, səs rejissoru Ceyhun Aslan, inzibatçısı isə İsmayıl Qasımovdur.

Sonda qeyd edək ki, VIII Türk Dünyası Belgesel Film Festivalının qaliblərinin adı oktyabrın 25-də elan olunacaq.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026