Gözəllik sənayesində istifadə olunan bəzi kosmetik məhsulların dəriyə uzunmüddətli təsiri ilə bağlı aparılan yeni elmi araşdırma cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Tədqiqat nəticələrinə görə, məhsulların tərkibindəki bəzi kimyəvi maddələr dəridə allergik reaksiyalara və hətta xroniki dəri problemlərinə yol aça bilər.
Bakıvaxtı.az xəbər verir ki, araşdırma çərçivəsində 50 fərqli kosmetik məhsul analiz edilib və 100 könüllü üzərində 3 ay müddətində müşahidələr aparılıb.
Nəticədə məlum olub ki, məhsulların çoxunda parabenlər, süni ətirlər və digər konservantlar kimi maddələr mövcuddur. Bu maddələr xüsusilə həssas dəriyə sahib şəxslərdə qızartı, quruluq və qaşınma kimi əlamətlərə səbəb olub.
Mütəxəsislər bildirib ki, bu nəticələr kosmetik vasitələrin tərkibinə qarşı daha diqqətli yanaşma zərurətini ortaya qoyur: “Təbii tərkibli məhsullar daha az risk daşıyır və dərinin uzunmüddətli sağlamlığı üçün daha uyğundur. Lakin bazarda bu cür məhsulların sayı hələ də məhduddur”.
Tədqiqat həmçinin göstərib ki, dəriyə uyğun məhsul seçimi edilməsi effektivlik baxımından mühüm rol oynayır. Yağlı dərisi olan şəxslərin quru dəri üçün nəzərdə tutulan məhsullardan istifadə etməsi neqativ nəticələr doğura bilər.
Mütəxəssislər həm istehsalçıları, həm də istehlakçıları məsuliyyətli olmağa çağırır. Əsas təkliflər arasında məhsul etiketlərinin daha şəffaf və informativ olması, eləcə də paraben və süni ətir tərkibli məhsullardan uzaq durulması yer alır.
Hazırda araşdırma nəticələri dermatologiya və kosmetologiya sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara təqdim olunub və kosmetik məhsullarla bağlı normativ sənədlərə dəyişiklik təklifləri hazırlanır.
Nuriyyə Musayeva