Son illərdə kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşların sayının artması, bankların borc toplama prosesini getdikcə daha çox kollektor şirkətlərinə həvalə etməsinə səbəb olub.
Bəs mövcud qanunvericiliyə görə kollektorlar hansı səlahiyyətlərə malikdir və onların hansı hərəkətləri qanunsuz sayılır?
Bakıvaxtı.az Kredit.az-a istinadən xəbər verir ki, Mülki Məcəlləyə əsasən, banklar və ya digər kredit təşkilatları borcun yığılması prosesini müəyyən komissiya qarşılığında kollektor şirkətlərinə ötürə bilərlər. Bu baxımdan, kollektorların borclu şəxslərlə əlaqə saxlaması hüquqi əsasa malikdir.
Kollektorların qanuni hüquqları:
Vətəndaşa zəng edərək borcu barədə məlumat vermək və ödəniş tələb etmək;
Borclunun ünvanına gələrək onunla görüşmək və borcun qaytarılması yollarını müzakirə etmək;
Öhdəlik yerinə yetirilmədiyi təqdirdə işin məhkəməyə veriləcəyi, hesabların dondurulacağı və ya əmlak üzərinə həbs qoyulacağı kimi rəsmi hüquqi nəticələr barədə vətəndaşı xəbərdar etmək (bu növ xəbərdarlıqlar hədə-qorxu hesab olunmur).
Hansı hallar qanun pozuntusudur?
Qanunvericilik borcun geri qaytarılması prosesində vətəndaşların şəxsi toxunulmazlığını və hüquqlarını qoruyur. Kollektor şirkətlərinin fəaliyyətində borcluya və ya onun yaxınlarına qarşı hədə-qorxu gəlmək, psixoloji təzyiq göstərmək, şantaj etmək və ya ləyaqəti alçaldan formalarda pul tələb etmək qanunla qəti qadağandır.
Qeyd edək ki, borcun ödənilməməsi mülki məsuliyyət yaradır və kredit götürən şəxs öz öhdəliyinə görə birbaşa cavabdehlik daşıyır. Ödəniş vaxtında edilmədikdə prosesin məhkəmə müstəvisinə keçməsi, hesabların bloklanması və əmlaka həbs qoyulması tamamilə qanunidir. Lakin bu müddətdə borcun yığılması ilə məşğul olan qurumlar hüquqi çərçivədən kənara çıxa və vətəndaşlara qarşı qeyri-qanuni təzyiq vasitələrindən istifadə edə bilməzlər.
Bakı 



