• Bakı 28° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

TRIPP+ fondu nəyi dəyişəcək?  - Zəngəzur dəhlizinin taleyi Bakıdan asılıdır

SİYASƏT

28 Iyul 2026 | 09:53

TRIPP+ fondu nəyi dəyişəcək?  - Zəngəzur dəhlizinin taleyi Bakıdan asılıdır

Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti 201 milyon dollar büdcəsi olan TRIPP+ (Sülh və İnkişaf Naminə Tramp Yolu) fondu yaradıb. Fondun yaradılmasında məqsəd Cənubi Qafqaz və Mərkəzi Asiyada həyata keçirilən beynəlxalq iqtisadi layihələri maliyyələşdirməkdən ibarətdir.

ABŞ Dövlət Departamentindən bildirilib ki, fond Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistana nəqliyyat infrastrukturu yaratmaq və genişləndirmək üçün qrant verə bilər və sərmayə yatırar. Bununla yanaşı, fondun enerji istehsalı və nadir yer metallarının hasilatı üçün aparılan qazıntı işlərini də maliyyələşdirmək imkanı var. Məlumatda qeyd olunur ki, ABŞ-nin İnkişaf və maliyyə korporasiyası “TRIPP Development Company” adlı şirkət yaratmağı planlaşdırır. Bu şirkət Bakı ilə Naxçıvan və Türkiyəni bilrləşdirəcək Zəngəzur dəhlizinin tikilməsi üçün nəzərdə tutulan işləri həyata keçirəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Zaur Məmmədov bildirib  ki, “Tramp marşrutu”nun həyata keçirilməsi layihəsini Ermənistan-Amerika birgə şirkəti olan “TRIPP Development Company” icra edəcək.

Ekspert vurğulayıb ki, şirkətin Ermənistan tərəfdən təsisçisi Ermənistan hökuməti, ABŞ tərəfdən isə TRIPP “Development Company US” olacaq:

“Burada 74 faiz ABŞ, 26 faiz isə Ermənistan tərəfinə məxsus olacaq. 49 illik müddət başa çatdıqdan sonra tərəflər müqaviləni daha 50 il müddətinə uzada bilərlər. Bu halda Ermənistan tərəfinin layihədəki payı avtomatik olaraq 49 faizə yüksələcək”.

Müsahibimiz qeyd edib ki, TRIPP+ İnvestisiya Fondu ilk növbədə layihənin maliyyələşdirilməsi və investisiya cəlbi ilə məşğul olacaq. Ermənistanda yaradılacaq “TRIPP Development Company” isə layihənin birbaşa icraçısı olacaq: “Fond və şirkət bir-biri ilə əlaqəli olsa da, hüquqi baxımdan eyni qurum hesab edilmir. TRİPP + Fondunun rəhbəri tanınmış biznesmenlərdən olan Konstantin Sokolovdur. Sokolov Ermənistanda TRIPP+ fonduna qoşulmazdan əvvəl də tanınırdı. Yəni ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası layihəyə dövlət dəstəyi təmin edir, TRIPP İnkişaf Şirkəti layihələrin idarə olunması və həyata keçirilməsinə cavabdehdir, TRIPP+ investisiya fondu isə həmin layihələrin maliyyələşdirilməsini təmin edir. Beləcə, Cənubi Qafqaz dünya kapitalının və siyasi mərkəzlərinin diqqətinin əsas nöqtələrindən birinə çevrilməkdədir”.

Zaur Məmmədov: TRIPP- in uğuru həm də tərəflərin öhdəliklərinə sadiqliyindən asılı olacaq

Z.Məmmədov əminliklə qeyd edib ki, TRIPP ətrafında yaradılan mexanizm klassik infrastruktur maliyyələşməsindən fərqli olaraq, dövlət dəstəyi, investisiya fondları və özəl kapitalın birgə iştirak etdiyi xüsusi maliyyə xəttinin yaradılmasına işarə edir:

“Bu baxımdan layihə yalnız nəqliyyat dəhlizi deyil, həm də Avrasiyanın yeni iqtisadi əlaqələr sistemində maliyyə və investisiya axınlarının istiqamətini müəyyənləşdirə biləcək platforma kimi çıxış edir. Lakin bütün bu iqtisadi və maliyyə mexanizmlərinin arxasında əsas amil siyasi iradə və geosiyasi razılaşmalardır. Belə böyükmiqyaslı layihələrin həyata keçirilməsi yalnız maliyyə resursları ilə mümkün deyil. Regional təhlükəsizlik, tərəflər arasında siyasi anlaşma və uzunmüddətli sabitlik əsas şərtlərdir. Başqa sözlə, TRIPP- in uğuru yaradılan maliyyə modelindən daha çox, Cənubi Qafqaz və ətrafda  formalaşacaq yeni siyasi balansdan və tərəflərin öhdəliklərinə sadiqliyindən asılı olacaq”.

Politoloqun dediyinə görə, Paşinyanın seçki ərəfəsində və seçkilərdən sonrakı daxili proseslər fonunda arxayınçılığı da təsadüfi deyildi.

“Amma, qeyd etdiyim kimi Azərbaycan bu xəttin əsas qüvvəsidir və bundan sonrakı hadisələrin gedişatı məhz rəsmi Bakıdan asılı olacaq”, - deyə Zaur Məmmədov vurğulayıb.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026