Yaponiyanın Miyadzaki prefekturasının 370-dən çox sakini Nyutabaru aviabazasında ən yeni "F-35B" döyüş təyyarələrinin gecə və səhərin erkən saatlarında uçuşlarının qadağan olunması tələbi ilə kollektiv iddia qaldırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında informasiya yayılıb.
Vətəndaşlar həmçinin səs-küyün yaratdığı ziyana görə dövlətdən kompensasiya ödənilməsinə nail olmaq istəyirlər.
"F-35B" beşinci nəsil döyüş təyyarələri hazırda modernizasiya edilən Yaponiyanın iki təyyarədaşıyan gəmisinin təchizatı üçün nəzərdə tutulub.
Nyutabaru bazasında bu cür qırıcılardan 8 ədədi yerləşsə də, gələcəkdə onların sayının 42-yə çatdırılması planlaşdırılır. İddiaçıların əsas şikayəti "F-35B"lərin aviadaşıyıcı gəminin göyərtəsinə şaquli enişi məşqləri zamanı yaranan səs-küylə bağlıdır.
2017-ci ildə də Miyadzaki şəhər dairə məhkəməsinə analoji iddia təqdim edilmişdi. Həmin vaxt məhkəmə yerli sakinlərə 1.2 milyon dollardan çox məbləğdə kompensasiyanın ödənilməsi barədə qərar qəbul etmişdi. Lakin uçuşların dayandırılması ilə bağlı tələblər bütün məhkəmə instansiyaları tərəfindən rədd edilmişdi.
Hazırda Yaponiya Hərbi Hava Qüvvələrinin arsenalında 55 ədəd "F-35" (adi aerodromlar və aviadaşıyıcılar üçün nəzərdə tutulan iki modifikasiyada) təyyarəsi var. Ümumilikdə Tokio bu tipli 147 qırıcıya sahib olacaq ki, bu da Vaşinqtonun hər hansı digər müttəfiqi ilə müqayisədə ən yüksək göstəricidir.
Bakı 



