Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağ və KTMT ilə bağlı son açıqlaması Azərbaycan-Rusiya münasibətlərində həssas hesab olunan mövzunun yenidən gündəmə gəlməsinə səbəb olub.
Zaxarova çıxışında Ermənistanın vaxtilə KTMT mexanizmlərinin işə salınmasını istədiyini, lakin Ermənistanın “Dağlıq Qarabağ”ı nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanımadığı üçün təşkilatın kollektiv müdafiə mexanizmlərinin tətbiqinin mümkün olmadığını bildirib. Bakı isə bu yanaşmanı keçmiş münaqişənin mahiyyətini təhrif edən və artıq hüquqi-siyasi baxımdan bağlanmış məsələnin yenidən müzakirəyə çıxarılması cəhdi kimi qiymətləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı kifayət qədər sərt və prinsipial olub. Rəsmi Bakı vurğulayıb ki, Qarabağ beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu baxımdan, KTMT mexanizmlərinin vaxtilə Azərbaycanın işğal altında olan ərazilərinə münasibətdə tətbiq olunmasının müzakirəyə çıxarılması həm beynəlxalq hüququn prinsiplərinə, həm də Rusiyanın uzun illər ərzində səsləndirdiyi rəsmi mövqeyə uyğun gəlmir. Azərbaycan XİN-in açıqlamasında diqqət çəkən məqamlardan biri də Moskvanın Ermənistan-Rusiya münasibətlərinə aid məsələləri Azərbaycanla əlaqələndirmək praktikasından imtina etməsi çağırışı oldu.
Əslində, bu polemika yalnız Zaxarovanın bir açıqlaması ilə məhdudlaşmır. Son dövrlərdə Rusiya rəsmilərinin Qarabağla bağlı müxtəlif bəyanatları, xüsusilə də keçmiş münaqişəyə dair şərhləri Bakıda həssaslıqla qarşılanır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyinin tam bərpa olunmasından sonra Qarabağ məsələsi artıq beynəlxalq hüquq baxımından bağlanıb və bu mövzunun yenidən siyasi müzakirə predmetinə çevrilməsi qəbuledilməzdir. Buna görə də rəsmi Bakı istənilən xarici bəyanatı bu prinsip prizmasından qiymətləndirir.
Digər tərəfdən, Zaxarovanın açıqlaması Ermənistanın KTMT ilə münasibətlərinin gərgin olduğu bir dövrə təsadüf edir. İrəvan son illərdə təşkilatı passivlikdə ittiham edib, üzvlüyünü faktiki dondurub və təhlükəsizlik siyasətində Qərblə əməkdaşlığı genişləndirməyə çalışır. Belə şəraitdə Rusiyanın keçmiş hadisələrə qayıdaraq KTMT-nin niyə müdaxilə etmədiyini izah etməyə çalışması daha çox Ermənistan daxilində səslənən tənqidlərə cavab vermək cəhdi kimi də qiymətləndirilə bilər. Lakin bu izahların Qarabağ məsələsi üzərindən aparılması Azərbaycan tərəfindən haqlı narazılıq doğurur.
Bu hadisə eyni zamanda göstərir ki, Bakı artıq xarici tərəfdaşların Qarabağla bağlı istifadə etdiyi terminologiyaya və hüquqi yanaşmaya əvvəlki illərlə müqayisədə daha həssas yanaşır. Azərbaycan diplomatiyası hesab edir ki, keçmiş münaqişə ilə bağlı ifadələrdə belə qeyri-dəqiqlik gələcəkdə yanlış siyasi interpretasiyalara zəmin yarada bilər. Məhz buna görə rəsmi Bakı bu cür bəyanatlara operativ və prinsipial reaksiya verməklə həm öz hüquqi mövqeyini, həm də postmünaqişə dövrünün siyasi reallıqlarını beynəlxalq səviyyədə möhkəmləndirməyə çalışır.
Ümumilikdə, Zaxarovanın açıqlamasına verilən cavab göstərir ki, Azərbaycan-Rusiya münasibətlərində əməkdaşlıq davam etsə də, suverenlik və ərazi bütövlüyü məsələləri Bakının heç bir güzəştə getmədiyi əsas prinsiplər olaraq qalır. Qarabağ mövzusunun yenidən müxtəlif kontekstlərdə gündəmə gətirilməsi iki ölkə arasında əlavə diplomatik müzakirələrə səbəb ola bilər. Bununla yanaşı, Azərbaycanın verdiyi mesaj kifayət qədər aydındır: keçmiş münaqişə artıq tarixdə qalıb və onunla bağlı istənilən beynəlxalq şərh yalnız formalaşmış yeni hüquqi-siyasi reallıqlar əsasında aparılmalıdır.
Züriyə Qarayeva
Bakı 



