“Mənim Soçi görüşündən narahatlığım böyükdür. Rusiya yenə də bizə qeyri-səmimi yanaşır. Son günlərdə Rusiya tərəfindən Azərbaycana qarşı açıq təxribatlar irəli sürülür”.
Bunu politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a Prezident İlham Əliyevin bu gün Soçidə baş tutacaq üçtərəfli görüşündən gözləntiləri barədə danışarkən deyib.
Təqdim olunan Moskva variantının 15-ci maddəsi barədə məlumatlı olduğunu deyən C.Nuriyev qeyd edib ki, həmin maddədə Qarabağın statusu məsələsi qoyulub: "Bu isə Azərbaycanın qırmızı xəttidir. Azərbaycan bunu qəbul etməyəcək. Bu səbəbdən də digər məsələlərin qəbulolunma ehtimalı çox aşağıdır".
Onun sözlərinə götə, sərhədlərin delimitasiya və demarkasiya məsələsinin həm ABŞ, həm də Rusiya variantı var: "Moskva variantının 2 maddəsi təhlükəlidir. Qeyd etdiyim iki maddədən biri Qarabağın statusu, digəri isə 15-20 il rus sülhməramlılarının Qarabağda qalması ilə bağlıdır”.
C Nuriyev qeyd edib ki, bunların hər ikisi Azərbaycanın qırmızı xəttidir: “Bu təkliflər irəli sürülsə, Azərbaycan Prezidentinin bunu qəbul etməsi sıfıra bərabərdir. Burda artıq Azərbaycanın ərazi bütövlüyünə qəsdən söhbət gedir. Əgər Qarabağa status veriləcəksə, ardınca tələb edəcəklər ki, Azərbaycan federallaşsın. 1995-ci ildə qəbul etdiyimiz Konstitusiyada isə bildirilir ki, Azərbaycan unitar dövlətdir. Qısacası, bugünkü Soçi görüşünün müsbət olacağını düşünmürəm. Yəni, Rusiyanın həyata keçirmək istədiyi siyasət budur".
Müsahibimiz hesab edir ki, bununla belə, Rusiyanın ikinci cəbhə açması onun üçün təhlükəlidir: "Bizim üçün burda ən təhlükəli məqam, Ermənistan və İranın Rusiyanı idarə eləməsidir. Mən inanıram ki, Azərbaycan Prezidenti İlham Əliyev bu stiuasiyadan da çox məharətlə çıxacaq. Çünki dəfələrlə belə stiuasiyalar olub və İlham Əliyev bu tip vəziyyətlərdən məharətləçıxıb”.
Nuranə Daxilqızı
















