• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“London hadisələri daha fərqli məcraya gedə bilərdi” - Elşad Miri

CƏMİYYƏT

05 Avqust 2022 | 16:07

“London hadisələri daha fərqli məcraya gedə bilərdi” - Elşad Miri

Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. XİN-dən verilən məlumata görə, onlar səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Baş verənlərlə bağlı Bakıvaxtı.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, Londonda baş verən hadisəni təxribat adlandıra bilərik: “Eyni zamanda, hadisələr daha fərqli bir məcraya da gedə bilərdi. Bunu terror hadisəsi olaraq da qeyd etmək mümkündür. Çünki faktiki olaraq bir ölkənin ərazisinə bu şəkildə hücum etmək, həmin ölkənin atributu olan bayrağını təhqir etmək, bəzi məsələləri dini şüar altında şişirtmək və qabağa salmaq sanki eyni mərkəzin fərqli qolları tərəfindən müxtəlif vaxtlarda ortaya atılmış məsələlərdir”.

E.Miri hesab edir, hadisə iştirakçıları bununla mesaj vermək istəyiblər: “Bu məsələlər aydınlaşdırılmalı, izah edilməli, hüquqi qiymət verilməli, dinlə bağlı belə bir məsələnin yolverilməz olduğu bildirilməlidir”.

İlahiyyatçı vurğulayıb ki, bir insanın “dini uniforma” geyinib bu cür hərəkət etməsi dindarla dindar olmayanları qarşı qarşıya qoymaq deyil: “Bu, tam əksinə bu insanlar arasında mövcud olan anlaşmazlığı aradan qaldıra biləcək məsələləri gündəmə gətirməlidir. Bunlar müzakirə olunmalıdır. Buna da, həqiqətən, Azərbaycanda mövcud olan dini konfensiyaların özləri tutarlı cavab verməlidirlər”.

Müsahibimizə görə, baş verənlər, sadəcə, Londonda olan məsələ deyil, eyni məsələnin Azərbaycanda da fərqli formada təzahür etməsinin qarşısı alınmalıdır. “Əsas məsələ bu olmalıdır, çünki İslamın yeganə mənbəyi, əsası Qurandır. Quran isə hər bir zaman başqalarının haqqına, hüqququna hörmətlə yanaşmağı tələb edən bir kitabdır. Hətta Quranda deyilir ki, “yaxınlarınızın əleyhinə olsa belə ədalətdən uzaqlaşmayın””.

Aytac Aslan


SON XƏBƏRLƏR