BMT Təhlükəsizlik Şurasının ABŞ-nin Venesuelaya hücumu və prezident Nikolas Maduronun devrilməsi ilə bağlı təcili iclas toplamağa hazırlaşması beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub. Bir sıra ölkələr Vaşinqtonun addımlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.
Bu fonda Təhlükəsizlik Şurasında ABŞ-nin əleyhinə qətnamənin qəbul olunub-olunmayacağı sual doğurur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, artıq BMT-nin önəmli səlahiyyətləri faktiki olaraq qalmayıb və ya bu səlahiyyətlər icra edilə bilmir. Onun sözlərinə görə, nə beynəlxalq məhkəmənin, nə də BMT-nin qərarı olmadan ABŞ xüsusi xidmət orqanlarının Venesuela prezidentini yatdığı yerdən götürüb arvadı ilə birlikdə birbaşa ABŞ-yə aparması digərləri üçün mənfi presedent yaradır və siyasi yöndən əsaslandırılmağa çalışılsa da, beynəlxalq hüquqa tam ziddir.
Politoloq qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi “Qəzza zolağında müharibə cinayətləri ilə əlaqədar” Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barədə həbs orderi verib. Onun fikrincə, əgər bu şəxslər hansısa gücü yetən dövlət tərəfindən məhkəmənin sərəncamına verilsə, bu addım qanuni və beynəlxalq hüquqa uyğun olar:
"ABŞ-nin İraq işğalı və Səddam Hüseynin edamı ilə başlayan təkqütblü dünya hegemonluğu beynəlxalq hüququn açıq şəkildə tapdanmasıdır və BMT-nin bu prosesdə oyuncağa çevrildiyini göstərir.
ABŞ Nikolas Maduro ilə bağlı iddialarında haqlı ola bilər, lakin onun hakimiyyətdən uzaqlaşdırılma üsulu heç bir hüquqa və əndazəyə sığmır, bu isə orta əsrlərdəki dəniz quldurluğunu xatırladır və gələcək üçün təhlükəli presedent yaradır. Bu, Rusiyanın da Ukrayna prezidenti Volodimir Zelenskini yatdığı yerdən götürməsi üçün açılan cığır, verilən əsasdır".

Tural İrfan: Donald Tramp Mossadın üsulu ilə hərəkət edir
Tural İrfan bildirib ki, prezidentin ABŞ-də edam hökmü qüvvədə olan ştata aparıldığı deyilir və bu, prosesin hansı istiqamətdə inkişaf edə biləcəyinə dair ciddi narahatlıq yaradır:
"Görünür onu "mühakimə" edib edam edəcəklər. Daha vəsait xərcləyib, İraq kimi bomba töküb vaxt itirməyəcəklər. Nə də Səddam Hüseyn kimi öz ölkəsində asıb etrirazlara səbəb olmayacaqlar. Sadəcə xüsusi xidmət orqanları gecə ilə gedib prezidenti götürəcək və ABŞ-nin edam hökmü qüvvədə olan ştatında da edam edəcəklər".
Onun sözlərinə görə, bu yanaşma Donald Trampın açıq şəkildə Mossad üsullarına üstünlük verdiyini göstərir:
"Donald Tramp tamamilə İsrailin, daha doğrusu Mossadın üsulu ilə hərəkət edir. Açıqca da deyir ki, Venesuelanı biz idarə edəcəyik, neft elə getdi, pul belə gəldi... Daha əvvəlki kimi Əfqanıstanı, İraqı tutmaq üçün qoşa binaları Ben Ladenə vurdurmaq kimi işğal üçün əsaslar düzəltməyə də gərək lazım olmur. İraqda nüvə silahının olması kimi bəhanələr uydurmağa da ehtiyac duyulmur. Sadəcə açıqca deyilir ki, nefti, sərvəti mənə ver. Əgər imtina edilsə, gecə ilə prezidenti yatdığı yerdən götürür, müdafiə sistemini sıradan çıxarır, ölkəni ələ keçirir".
Politoloq xatırladıb ki, hələ 2003-cü ildə Səddam Hüseynin guya nüvə silahına sahib olduğunu dilə gətirib saxta sübutlar ortaya qoyan ABŞ-nin keçmiş dövlət katibi Kolin Pauellin qarşısında boynunu bükən BMT-nin baş katibi Kofi Annanın məzlum və çarəsiz görkəmi, aciz mövqeyi rəhbərlik etdiyi qurumun artıq Pentaqonun filialına çevrildiyini bariz şəkildə ortaya qoyurdu:
"Prezidentin başqa bir prezidenti beynəlxalq aləmi, hüququ nəzərə almadan yatdığı yerdən götüzdürüb ölkəsini ələ keçirdiyini elan etməsi, şəkil paylaşması əslində hədəflərə qarşı psixoloji təzyiq, açıq desək lotuluq nümayişidir".
Onun sözlərinə görə, beynəlxalq hüququn bu dərəcədə hörmətdən salınması dünya üçün müsbət gələcək vəd etmir. BMT Təhlükəsizlik Şurasında Çin müəyyən təzyiq göstərə bilər, lakin ABŞ əleyhinə təsirli qətnamənin qəbul olunması real görünmür və qəbul edilsə belə, onun ciddi nəticə doğuracağı inandırıcı deyil:
"Rusiya Ukraynanın, Çin Tayvanın prezidentini oğurlayıb belə bir presedentin məhz ABŞ tərəfindən yaradıldığını əsas gətirsə, təəccüb doğurmamalıdır".
Zeynəb Rzayeva
Bakı 




