Dünyanın bir çox ölkəsində insanlar bakalavr təhsilini bitirdikdən 2-3 il sonra magistr təhsili alırlar. Azərbaycanda isə, demək olar, əksəriyyət bakalavr təhsilini bitirən kimi magistraturaya qəbul olmaq istəyir.
Bəs bu cür təhsil keyfiyyətlidir?
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a danışıb:
“Magistr təhsili elmi, pedeqoji kadr hazırlayır. Magistr elmi tədqiqatlar aparan ali təhsil səviyyəsidir. Bizdə magistratura ilə bağlı sadəcə bir imic yaranıb. Təhsil qanununun 22-ci maddəsində bakalavr təhsilinin bitmiş ali təhsil olduğu göstərilir, ali təhsil müəssisələri və Elmlər Akademiyasında elmi-pedaqoji fəaliyyətlə məşğul olmaqdan başqa əmək bazarındakı bütün sahələrdə işləyə bilər. Hazırda müəyyən iş yerlərinə müraciət edən gənclərimizdən magistr təhsili istənilir. Bu gün magistraturada oxuyan minlərlə gəncin hansı elmi tədqiqatlar apadığı ortada deyil. Magistraturada üç gün dərs keçilir, yerdə qalan üç gün isə magistrlar elmi tədqiqat ilə məşğul olmalıdırlar. Ancaq onların elmi tədqiqatlar aparması üçün şərait yaradılmayıb və yaxud magistraturaya qəbul olanlar bu elmi tədqiqatlara meyilli deyillər. Məsələn, təhsilin idarə edilməsi ilə bağlı ölkədə iki minə yaxın şəxs magistr təhsili alır. Bu iki minə yaxın təhsil alan şəxs magistraturada təhsilin idarə edilməsi ilə bağlı hansı elmi tədqiqatlar aparırlar?! Bunlar ortada yoxdur. Düşünürəm ki, magistraturada təhsil almaq üçün ən azı iki il həmin sahə üzrə təhsili olan şəxslər olmalıdır ki, praktiki olaraq da sahə üzrə müəyyən bacarıq və biliklərə yiyələnmiş olsunlar. Ümumilikdə, Azərbaycanda magistratura təhsili Nazirlər Kabinetinin magistratura təhsilinin məzmunu və həyata keçirilməsi qaydalarına uyğun təşkil olunmur. Magistraturada oxumaq sadəcə bir imicdir. Çox təəssüf edirəm ki, müəyyən sahələr var ki, orda, doğrudan da, elmi tədqiqat işlərinin aparılması ilə bağlı böyük ehtiyaclar var. Nəticə etibari ilə magistratura səviyyəsi bu ehtiyacları ödəyə bilmir. Ona görə də, magistr təhsili ilə bağlı ciddi dəyişikliklər edilməlidir və magistratura təhsili Nazirlər Kabinetinin bu sahə üzrə müvafiq qərarında göstərilmiş tələblərə uuğunlaşdırılmalıdır”.
Aytac Aslan















