Bir neçə gün öncə 15 yaşlı yeniyetmənin anasını bıçaqlayaraq öldürdüyünü əks etdirən video hər kəsi sarsıtdı. 15 yaşlı yeniyetmədə bu cür aqressiyanın olması bütün valideynləri qorxutmalı, övladlarının bu vəziyyətə gəlməməsi üçün tədbir görməyə vasitə olmalıdır.
Bəs yeniyetmələrdə bu cür aqressiyanın səbəbi nədir?
Sosioloq Rəşad Əsgərov Bakıvaxtı.az-a bildirib ki, son zamanlar yeniyetmələr arasında cinayətə meyllilik halları artır: “Ümumiyyətlə, cinayətə meyllilikdən başqa, aqressiya artan templə cəmiyyətdə özünü göstərir. Bunun da səbəbi yeniyetmənin müəyyən mərhələdə, uşaqlıq dövründən gənclik mərhələsinə keçiddə orqanizmdə baş verən dəyişikliklərdir. Bu, həm onun psixologiyasına, həm fiziki, mənəvi durumuna, həm də cəmiyyətdə insanlarla münasibətində özünü göstərir".
Xüsusilə də, bu dövrdə olan yeniyetmələr özlərini artıq uşaq kimi hiss etmək istəmirlər. Onlar özlərini kişi, cəmiyyətdə özlərindən daha böyük yaş qrupuna aid insanlar kimi hiss etməyə başlayırlar: "Bu durumu cəmiyyətdə təsdiq etmək üçün yaşlılara məxsus olan bir çox xüsusiyyəti özündə ehtiva edən əlamətləri daşımaq istəyirlər. Xüsusilə də, oğlanlar siqaret çəkmək, spirtli içkilər qəbul etmək kimi vərdişlərə meyllənirlər”.
Sosioloqun sözlərinə görə, bu yaşda olan uşaqlar müxtəlif hadisələrdən isterik vəziyyətə düşə bilər, bunun da nəticəsində, hər hansı hadisə onlarda əks təsir yarada bilər: “Bu əks təsir nəticəsində onlar müəyyən cinayətlər törədə bilərlər. 15 yaşlı yeniyetmənin öz anasını öldürməsi hadisəsinə gəldikdə isə, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, qısqanclıq zəminində törədilmiş cinayətdir. Artıq bu cinayətin motivindən də bilinir ki, yeniyetmə anasının cəmiyyət tərəfindən qəbul olunmuş hər hansı davranış normalarından kənara çıxan addım atdığı təqdirdə bunu edə bilərdi. Həmin yeniyetməni buna sövq edən onun ətrafının, yaxınlarının davranışında cəmiyyətə, yaxud yeniyetmənin görmək istədiyi ideala qarşı olan əks davranış əlamətlərinin hakim olmasıdır. Məlum məsələdir ki, yeniyetmə hadisəni birdən birə törətmir, bu hadisələr bir neçə dəfə baş verir. Belə olduqda, yeniyetmə bunu qəbul, dərk edə bilmir və bu hadisənin baş verməməsi üçün fikrini aqressiv formada bildirir. Nəhayət, onun yaş qrupuna məxsus insanlar tərəfindən bu məsələ gündəmə gəldikdə, təsiredici sözlər dedikdə yeniyetmə bununla razılaşa bilmir və problemin mahiyyətini aradan qaldırmaq üçün müəyyən real, praktiki addımlar atmağa meyilli olur”.
R.Əsgərov vurğulayıb ki, bu real praktiki addımlar da onun nəticəni gözləmədən ancaq səbəbi, bu prosesə təkan verən müxtəlif amilləri aradan qaldırmağa yönəlir: “ Bu, həmin davranışı törədən şəxsə qarşı və yaxud onları bu davranışa sövq edən digər şəxslərə qarşı törədilə bilər. Belə olan halda, cinayət hadisəsi baş verir".
Müsahibimiz deyir ki, bu prosesin mahiyyətinin bu dərəcədə baş verməsinin, bu məcrada irəliləməsinin qarşısını almaq üçün xüsusilə ailələrlə geniş formada sosial iş aparılmalıdır: "Həmçinin, bu tip ailələr, insanlar müəyyən orqanlar tərəfindən nəzarətə götürülməlidir ki, belə hallar baş verməsin. Cəmiyyət tərəfindən belə hallara vaxtında reaksiya verilməsə, bu tipdən olan ailələrlə normal iş aparılmasa, digər yeniyetmələr də bu hadisələrdən örnək götürər, müəyyən cinayətlər törədə bilərlər”.
Aytac Aslan
















