• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Məmmədyarov ÇƏTİNƏ DÜŞDÜ: “Bu suala cavab vermək asan deyil” - MÜSAHİBƏ

MÜSAHİBƏ

06 Oktyabr 2023 | 09:43

Məmmədyarov ÇƏTİNƏ DÜŞDÜ: “Bu suala cavab vermək asan deyil” - MÜSAHİBƏ

“Ermənilər iqtisadi, mədəni və digər sahələrdə Azərbaycanın suverenliyi altında reinteqresiya olunmalıdırlar. Bu da zaman tələb edən məsələdir”.

Bu fikirlər sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Bakıvaxtı.az-a müsahibəsində yer alıb.

Məmmədyarovla onun nazir olduğu dönəmdə həyata keçirdiyi diplomatik fəaliyyəti, Qarabağın azadlığı, Qarabağdakı keçmiş xunta rejimi və o qondarma rejimin “rəhbərliyi”ndə təmsil olunan cinayətkarların həbsi, bu həbslərin doğuracağı beynəlxalq rezonans və başqa məsələlər ətrafında maraqlı fikir mübadiləsi apardıq.

- Elmar müəllim, Qarabağın azadlığı nədən, kimdən və ya hansı yoldan keçdi?

- Mən Qarabağın azadlığını, suverenliyimizin bərpasını birmənalı şəkildə alqışlayıram. Əlbəttə, nazir kimi çalışdığım dönəmdə Ermənistanı dəfələrlə sülhə çağırdıq. Amma onlar sülhə gəlmirdilər. Biz anlayırdıq ki, onları sülhə məcburi şəkildə gətirmək lazımdır. Onu da Azərbaycan bacardı. Cənab Prezident sağ olsun. Azərbaycan özü torpaqlarını azad etdi. Qısaca belə cavab verə bilərəm, amma sizin sualınız çox dərindir. O sualın cavabı 2 -3 dissertasiya işidir.

- Qeyd etdiniz: -Biz anlayırdıq ki, Ermənistanı sülhə məcburi şəkildə gətirmək lazımdır. Bir halda ki, bunu aydın şəkildə görürdünüz, bilirdiniz, niyə 30 il gözlədiniz?

- 1994-cü ildə Azərbaycan müvəqqəti atəşkəslə zaman uddu. Biz ordumuzu gücləndirdik. Sülh danışıqları apararkən, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 4 qətnaməsini əsas götürürdük. Əksər beynəlxaq təşkilat həmin qətnamələri qəbul edirdi. Qarabağ münaqişəsi həmin 4 qətnamənin əsasında həll olunmalı idi. Həmin qətnamədə qeyd olunub ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Erməni qoşunları birmənalı olaraq, Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Bu mənada həmin sənədi rəhbər tutaraq əksər ölkə, beynəlxalq təşkilat Azərbayanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edirdi. Biz diplomatik platformada işləri qaydaya saldıq, dəfələrlə sülhə çağırış etdik, susdular, diplomatiya susanda isə silahlar “danışmağa” başlayır. Nəticədə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı tam şəkildə azad etdi.

- Uzun müddət, Azərbaycanın xarici işlər naziri postunda çalışdınız, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinə dair çoxsaylı danışıqda, mühüm müzakirələrdə iştirak etdiniz. İstərdinizmi ki, bu qələbə məhz sizin nazir olduğunuz dönəminə təsadüf etsin? Axı sizin də diplomatik əməyiniz az olmadı?

- Ölkəmizdə konstitusiyaya uyğun olaraq, xarici siyasəti cənab Prezident müəyyən edir. Xarici İşlər Nazirliyi tutulan siyasi xətti və proqramı yerinə yetirir. Bu mənada düşünürəm ki, sualınız hipotetikdir. Bu suala cavab vermək o qədər də asan deyil. Amma hesab edirəm ki, zaman yetişməli idi. İlk növbədə biz zaman qazanaraq gücləndik, hərbi qüdrətimizi artırdıq. İndiki ordu ilə 1990-cı ilin ordusu müqayisə oluna bilməz. Güclü ordumuz var. Ordumuzun güclənməsi isə asan başa gəlmədi. Baki-Tbilisi-Ceyhan layihəsi gerçəkləşəndən sonra Azərbaycana böyük pullar “axdı”. Ordunun qüdrəti iqtisadi gücdən asılıdır. Orduya sərmayə qoymaq, silah-sursat almaq, hərbçilərə peşəkar təlimlər keçmək lazım idi. Bunun üçün lazım olan pullar da Bakı-Tbilisi-Ceyhandan gəldi. Ulu öndər Heydər Əliyev o qədər uzaqgörən siyasətçi, lider idi ki, o həmin sazişi imzaladı və Azərbaycan nefti dünya bazarına çıxdı.

- Qarabağdakı kriminal rejimin nümayəndələri həbs olunur. Buna Ermənistan mətbuatı və erməni lobbisi fərqli don geydirib dünyaya “kütləvi təmizləmə” kimi təqdim etməyə çalışır. Bu məsələ ilə bağlı rəsmi Bakıya təzyiqlər göstərilə bilərmi, risklər varmı?

- Əlbəttə, cinayət törədən adamlar cavab verməlidirlər. Azərbaycan qanunvericiliyi çərçivəsində, çox ciddi istintaq aparılmalı, onun əsasında Azərbaycan məhkəməsi qərarlar qəbul etməlidir. Təkrar edirəm, istintaq çox ciddi aparılmalıdır. Onların cinayəti sübuta yetirilməli və həmin şəxslər cəzalarını çəkməlidirlər.

- Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçirilib. Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulurdu. Sözügedən görüşdə Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirakı gözlənilirdi. Lakin Azərbaycan prezidenti İlham Əliyev bu görüşdən imtina edib. Zaman vardı, biz görüşlərə cəhdlər göstərirdik, indi də onlar bizimlə görüşməyə can atırlar...

- Fransa, Almaniya və Avropa İttifaqı rəhbərliyi çox xoşagəlməz bəyanatlarla çıxış ediblər. Digər tərəfdən onlar təklif ediblər ki, görüşdə İspaniya tərəfi də iştirak etsin, Azərbaycan onu qəbul edib, eyni zamanda Türkiyənin də görüşə qatılmasını istəyib. Məndə olan məlumata görə, Fransa, Almaniya və Aİ Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın iştirakına razılıq verməyib. Ona görə Azərbaycan da haqlı olaraq, görüşdən imtina edib.

- Adını unutduğum tarixi şəxsiyyətlərdən biri deyib ki, azad edilmiş əraziləri qorumaq onu azad etməkdən çətindir. Tarixin süzgəcindən keçmiş bu kəlamdan yola çıxaraq, soruşmaq istərdim ki, indiki mərhələdə Azərbaycan diplomatiyası nəyi, necə etməlidir? Çünki Qarabağın azadlığından sonra Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycan məsələsi, Qazaxın 7, Naxçıvanın Kərki kəndinin azadlığı ilə bağlı da proseslər davam edir...

- İndi Azərbycan reinteqrasiya prosesinə hazır olduğunu dünyaya bəyan və sübut etməlidir. Ermənilər iqtisadi, mədəni və digər sahələrdə Azərbaycanın suverenliyi altında reinteqresiya olunmalıdırlar. Bu da zaman tələb edən məsələdir. Əminəm ki, buna gec-tez nail olacağıq. Bu işdə Xarici İşlər Nazirlyi ilə yanaşı Daxili İşlər Nazirliyi və digər dövlər qurumları da ciddi fəaliyyət göstərməlidirlər.

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Dekabr 2024