Son vaxtlar bir çox jurnalistika ixtisası üzrə təhsil alan tələbə bu ixtisasa qəbul olmaq üçün verilən qabiliyyət imtahanının ləğv edilməsi təklifinə etiraz edirlər. Belə ki, jurnalistika ixtisasında dərs deyən Qulu Məhərrəmli və bir çox başqa müəllim qabiliyyət imtahanının ləğv edilməsini təklif edib. Ancaq jurnalistika ixtisası üzrə təhsil alan tələbələr qabiliyyət imtahanının vacib olduğunu düşünür və buna qarşı çıxır. Bəs müəllimlər niyə qabiliyyət imtahanının ləğv edilməsini istəyir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan əməkdar jurnalist, professor Qulu Məhərrəmli qabiliyyət imtahanının bu sahəyə olan istəyi azaltdığını bildirib:
Ümumiyyətlə, bizdə bu gün jurnalistika təhsilini genişləndirmək və təkmilləşdirməyə ciddi ehtiyac var. Çünki kommunikasiya sahəsində ciddi proseslər gedir. Gərək jurnalistika və kommunikasiya ilə bağlı təhsil də ona uyğun olsun. O ki qaldı ixtisas imtahanlırına, tələbələr bir az romantik yanaşırlar. Amma geniş baxanda bunun zərərlərini görürük. Ola bilər ki, qabiliyyət imtahanı bir vaxtlar bu ixtisasa yalnız istəyən adamlar gəlsin deyə xoş niyyətdən yaranıb. Amma jurnalistika ixtisası üçün istək çox azdır. İstəkdən başqa istedad, qabiliyyət, ruh, insanın formalaşması, dil biliyi çox vacibdir. Bax ona görə də, bu keyfiyyətləri aşılamaq üçün, təhsilə önəm vermək lazımdır. Bu səbəbdən düşünürəm ki, qabiliyyət imtahanı o yolun üstündə dayanan dəyirman daşı kimidir. Ona görə ki, bu ixtisasa qəbul olmaq istəyənlər bir çox hallarda qabiliyyət imtahanından ehtiyat edir, bunun nəsə bir fövqaladə iş olduğunu düşünüb bura sənəd vermirlər. Sənəd verənlər də gəlib bir inşa yazır, onu da qiymətləndirdikdən sonra təhsil alır. Əlbəttə, tələbələrin içində yaxşıları da var, amma qabiliyyət imtahanı tədbiq olunandan giriş balları çox aşağı düşüb. Əvvəllər jurnalistika ixtisasına qəbul balı 450-500 idisə, bu gün, təxminən 150-200 arasındadır. Ümumi səviyyə aşağı düşüb. O cümlədən də, jurnalistika ixtisasına qəbul olanların ortalama balları çox aşağıdır. Ona görə özəl ali məktəblərdə də bu ixtisası açmaq lazımdır. Bir vaxtlar var idi, ləğv etmişdilər. Hesab edirəm ki, şagirdlərin öz fikirlərini rahat, səlis ifadə edə bilmələri üçün 10-11-ci siniflərdə qısa müddətdə olsa da, media dərsləri keçirilməlidir. Bunun üçün də düşünürəm ki, qabiliyyət imtahanı bu işlərə ciddi maneədir. Neçə illər əvvəl də bunu qeyd etmişəm. Tədrislə məşğul olduğum üçün problemləri görürəm. Fakt, situasiya olmayan yerdə xəyallarla inşa yazıb jurnalistikaya qəbul olmaq o adamın jurnalist olması demək deyil. Yəni əsas arqumentimiz budur ki, qabiliyyət imtahanı jurnalistika fakültəsinə axının qarşısını alır.
Onsuz da, bura gələn adam yarım ildən, bir ildən sonra həvəsi olmadıqda, özünü burda görmədikdə ya ixtisasını dəyişir, ya da çıxıb gedir. Amma bu hallar çox az olur. Gələn adam, əlbəttə ki, jurnalistikanın cazibəsini, cəmiyyət üçün nə qədər gərəkli ixtisas olduğunu görsə, qalar və tədrisini davam etdirər. Qabiliyyət imtahanına istənilən formada ehtiyac yoxdur. Çünki biz həkim, mühəndis seçən də qabiliyyət imtahanı tələb etmirik. Həkim və mühəndis olmaq üçün də müəyyən keyfiyyətlər, xüsusi istedad, ruh, yanaşma lazımdır. Sən insanı sevməsən, özünü o ampulada hiss etməsən, necə həkim ola bilərsən? Eləcə də jurnalist. Məncə, qabiliyyət imtahanları yalnız musiqi, fərdi bacarıqlar tələb olunan sahədə lazım ola bilər. Məsələn, qardaş ölkə Türkiyədə bu ixtisas üçün heç bir qabiliyyət imtahanı yoxdur və yaxşı jurnalistlər yetişdirirlər. Yəni biz jurnalistika üzrə təhsil almaq istəyənləri elə ilk dəfədən qapıdaca qabiliyyət imtahanı ilə qarşılayıb, özü də mahiyyətcə jurnalistikadan uzaq bir formada məhdudlaşdırırıq. Ona görə bura gələnlərin sayı azalır və nəticə də yaxşı jurnalistlərin sayını çoxalda bilmirik. Mən qabiliyyət imtahanını maneə kimi görürəm.
Aytac Aslan















