Mərkəzi Bank maliyyə sektorunda peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığını genişləndirir.
Bakıvaxtı.az xəbər verir ki, bu məqsədlə Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” (CII) arasında strateji əməkdaşlığın qurulması ilə bağlı mühüm addım atılıb.
Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti CII-nin baş icraçı direktoru Metyu Hil ilə görüş keçirib. Tərəflər sığorta və maliyyə xidmətləri sahəsində insan kapitalının inkişafı, Azərbaycanda beynəlxalq standartlara uyğun tədris imkanlarının yaradılması və ölkənin regional təlim mərkəzinə çevrilməsi perspektivlərini müzakirə ediblər.
Görüşün nəticəsi olaraq, institutun professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda beynəlxalq səviyyəli tədris proqramlarının həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Bildirilib ki, proqram sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, eləcə də bu sahədə karyera qurmaq istəyən şəxslər üçün peşəkar təhsil imkanları yaradacaq. Təlimlər risklərin idarə olunması və sığorta sahəsində beynəlxalq standartlara əsaslanacaq, ölkənin əmək bazarı üçün yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.
Bakı 



