Azərbaycanda banklar üçün mərkəzləşdirilmiş antifrod habının yaradılması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın bu istiqamətdəki ilkin funksiyası tənzimləyici rolunda çıxış etməkdir: "Hazırda fırıldaqçılıq, məsuliyyət və əlaqəli məsələlər qüvvədə olan qanunvericilikdə müxtəlif normativ aktlar çərçivəsində tənzimlənir. Bunların sırasına "Ödəniş sistemləri haqqında" qanun, Maliyyə Monitorinqi Xidmətinin müvafiq tələbləri və başqa normativ sənədlər daxildir.
Son illərdə maliyyə sektorunda informasiya təhlükəsizliyi ilə bağlı tələblərin tətbiq olunduğu kimi, biz də rəqəmsal fırıldaqçılıq risklərinin minimuma endirilməsi məqsədilə ayrıca antifrod tələblərinin işlənib hazırlanmasını planlaşdırırıq. Burada hədəf yeni bir ixtira deyil. Beynəlxalq praktikanı, xüsusən Türkiyə, Rusiya və Avropa dövlətlərinin qanunvericiliyini araşdırırıq və onu yerli bazara adaptasiya edərək həyata keçirməyə səy göstəririk. Bu yöndə işlər davam etdirilir".
E.Cuvarov bildirib ki, bu sahədə Mərkəzi Bankın əsas missiyası tənzimləmə ilə yanaşı, koordinasiya funksiyasını da icra etməkdir: "Artıq bir sıra şirkətlərlə müzakirələr aparılır və yol xəritəmizdə mərkəzləşdirilmiş antifrod sisteminin qurulması yer alır. Bu model Türkiyə, Rusiya, Qazaxıstan və digər dövlətlərdə artıq fəaliyyət göstərir.
Bu sistem Mərkəzi Bankın nəzdində işləyəcək. Digər ölkələrdə isə bu funksiyanı müxtəlif mərkəzi qurumlar icra edə bilir. Yəni söhbət bir növ "hab" sistemindən gedir. Məsələn, real bir ssenariyə nəzər salaq. Fərz edək ki, bir müştərinin pul vəsaiti oğurlanıb və həmin məbləğ başqa bankdakı hesaba transfer edilib. Köçürmə prosesində göndərən bank öz sistemində bunu adi "card-to-card" tranzaksiyası kimi qeydə alır. Qarşı tərəfdəki müştərini tanımadığından onun dələduzluq şəbəkəsinin bir hissəsi olub-olmadığını təyin edə bilmir. Lakin mərkəzləşdirilmiş hab sayəsində biz müşahidə edə bilərik ki, həmin hesaba gün ərzində fərqli banklardan böyük həcmdə "card-to-card" köçürmələri daxil olur".
O hesab edir ki, ayrı-ayrılıqda banklar bu ümumi mənzərəni tam şəkildə görə bilməsələr də, əməliyyatlar mərkəzi platforma ilə inteqrasiya edildikdə bu məlumatlar vahid məkanda əks olunur. Belə vəziyyətlərdə söhbət "mule account" adlanan, yəni pul daşıyıcısı hesablarından gedə bilər.
"Biz həmin hesabları risk dərəcəsinə əsasən qiymətləndirə və yüksək riskli hesab olaraq işarələyə (flag) bilərik. Digər banklar da real vaxt rejimində həmin platformaya qoşulacaq. Sistemdə riskli hesabların daxil olduğu "grey list" (boz siyahı) yaradılacaq. Bu siyahıda olan hesablara yönəldilən vəsaitlər üzrə banklar əlavə yoxlama həyata keçirə biləcəklər. Yoxlamanın aparılıb-aparılmaması isə yenə bankın öz məsuliyyəti çərçivəsində qalacaq. Mərkəzi Bank isə mərkəzləşdirilmiş koordinasiya və dəstək funksiyasını yerinə yetirərək həmin hesabın riskli şəbəkənin tərkib elementi ola biləcəyi barədə bankları xəbərdar edəcək".
Bakı 



