• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Məşqdən öncə və sonra qidalanma: Protein tozu ölümə yol açır

CƏMİYYƏT

12 Mart 2024 | 10:59

Məşqdən öncə və sonra qidalanma: Protein tozu ölümə yol açır

Əzələli bədən arzusunda olanlar arasında qida əlavələri, zülal tozları və performansı artıran enerji içkilərindən istifadənin artması ciddi sağlamlıq problemlərinə səbəb olur.

Bakıvaxtı.az-ın məlumatına görə, şüursuz şəkildə istifadə edilən bu məhsulların istehlakında artım olduğunu xəbərdar edən mütəxəssislər təbii qidalanmanın əhəmiyyətinə diqqət çəkir və xüsusilə qeyri-qanuni istehsala qarşı xəbərdarlıq edirlər.

Mütəxəssislər reseptsiz satılan məhsullara diqqət çəkərək, əlavə olaraq qəbul edilən bu cür maddələrin ölümcül nəticələrə səbəb ola biləcəyini bildirirlər.

Sadiq Abdullayev, fitnes təlimçisi

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan fitnes təlimçisi Sadiq Abdullayev bildirib ki, burada insanlar iki yerə ayrılır - peşəkarlar və həvəskarlar:

“İlk olaraq həvəskarlardan başlayaq. Həvəskarlara məşqdən 45 dəqiqə öncə idman qida əlavələrini tövsiyə edirəm. Bura amin turşu kompleksləri və energetik idman qida əlavələri daxildir.

Məşqdən dərhal sonra isə zülal ehtiva edən qidalardan izolat, protein tozları, çəki artımı ilə bağlı məşq edənlərə isə giner məhsulundan istifadə tövsiyə olunur.

Peşəkarlarda isə bu tamamilə fərqlidir. Aptek vitamin kompleksləri, idman qida əlavələri məşqdən öncə də, məşqin ortasında da, sonunda da istifadə olunur”.

Anar Süleymanlı, kung fu idman növü üzrə milli komandanın rəisi

Kung fu idman növü üzrə milli komandanın rəisi Anar Süleymanlı Bakıvaxtı.az-a bildirib ki, əzələlərə yaxşı təsir edən qida növləri vitaminlər, oksigen, kükürd, karbohidrad turşular, natrium suni yolla əldə edilmiş vitamin növləridir. Onlar alternativ yolla bədənə yaxşı təsir göstərir:

“İnsan bədəninə o qədər də zərərləri yoxdur. Amma bu qidalar nisbətən asılılıq yaradır. Əsasən əzələlər o qidaları tələb edir. İdmanla məşğul olan şəxs bu qidaları qəbul etmirsə, bədəndə inkişaf daha da zəifləyir”.

A.Süleymanlı deyib ki, məşq zamanı qəbul olunan energetik içkilər isə bədəndə immunitet yaradır:

“İmmunitet yarandıqca qan-damar sistemi sürətli işləməyə başlayır. Məşq zamanı yorğunluğu hiss etmirsən. Süni dözümlülük yaranır. Bu da bir müddətlikdir. Məşq bitəndən sonra bitir”.

Bununla belə, onun sözlərinə görə, bunun zərəri də var. Belə ki, suni immunitet yaranan zaman bədənin təbii immuniteti artıq gözləmə rejiminə keçir:

“Bundan sonra artıq bədən əvvəlki performansı göstərə bilmir. Gücü çatmır. Bir növ yatır. Onu ancaq müxtəlif tibbi yollarla reablitasiya etmək olur. Ona görə də məşq zamanı və məşqdən sonra energetik içkilərdən uzaq durmaq tövsiyə olunur”.

 Adil Qeybulla, tibb elmləri doktoru, professor

Tibb elmləri  doktoru, professor Adil  Qeybulla isə Bakıvaxtı.az-a bildirib ki, idmançılar məşq zamanı təkcə proteinlərdən yox, eyni zamanda, anabolik steroid deyilən müxtəlif maddələr də qəbul edirlər:

“Qəbul edilən protein əzələ kütləsinə çevrilir, bu da orqanizmdə ciddi dəyişikliklər yaradır. Xüsusilə kişilərdə cinsi funksiyanın aşağı düşməsinə səbəb olur. Təəssüf ki, bundan xeyli əziyyət çəkən var. Bu maddələr qaraciyərə də xeyli zərər vurur. Orqanizmdə daxili istehsal zəifləyir. Bəzən bu, hətta hormon asılılığına gətirib çıxarır”.

Onun qənaətincə, idmanla məşğul olan şəxslər bu cür qidalardan uzaq durmalıdırlar:

“Əzələ kütləsinə çevrilməsi üçün hormonal preparatlardan istifadə məqsədəuyğun deyil. İnsanlar bu cür vasitələrlə peşəkar idmançıya da çevrilə bilmir, sağlamlıqlarının bir hissəsini itirirlər. Bunlar hamısı ciddi şəkildə genefonda təsir edir. Bu istiqamətdə ciddi şəkildə maarifləndirmə aparılmalıdır”.

Emil Hasilov, kardoloq

Kardioloq Emil Hasilovun Bakıvaxtı.az-a dediyinə görə, professional bodybuildinglə məşğul olan idmançıların gündəlik qida əlavələri və aminturşulardan ibarət qatqıları istifadə etməsi əksər hallarda sağlamlıq üçün hər hansı bir narahatlıq yaratmır:

“Çünki onlar bunu rejimlərinə uyğun etdikərinə və gündəlik uyğun məşqlərinə görə səhhətlərində hər hansı bir ciddi problem yaranmır. Bu qida əlavələri əslində gündəlik qida rasionlarında istifadə etdikləri yeməkdən əlavə əzələ inkişafına və bir növ "əzələlərin tikintisinə" yardım etmiş olur. Sadəcə olaraq sağlamlıq üçün təhlükəli olan məqam uyğunsuz anabolik steriodlərin istifadəsidir ki, bu da təbii ki, sonradan orqanizmin hormonal sisteminə, o cümlədən qaraciyərə, böyrəklərə, xolesterin mübadiləsinə və həmçinin ürəyə mənfi təsirini göstərə bilir”.

Müsahibimiz qeyd edib ki, enerji içkilərindən əslində peşəkar məşqçilər və fitness həkimləri istifadə etmirlər. Ona görə də əzələ böyüdülməsi zamanı peşəkar məşqçi və fitness həkimləri ilə məsləhətləşmək, onların verdiyi proqramla məşqləri etmək daha sağlıqlı bədən forması əldə etməyə və sağlamlığın zərər görməsinin qarşısını almağa kömək edir:

“Təəssüf ki, Azərbaycanda zallara gedən hər kəs buna əməl etmir, idman qidalarından, bu qida əlavələrindən plansız istifadə, anabolik steroidlərin uyğunsuz istifadəsi ciddi fəsadlara gətirib çıxarır. Kardioloq olaraq onların işinə qarışmağım doğru olmadığına görə, sadəcə olaraq yeni başlayanlara məsləhətim ondan ibarətdir ki, bodybuildinglə məşğul olmağa başlayarkən, fitness mütəxəssislərinə müraciət etsinlər və peşəkar olmayan təlimçilərdən uzaq dursunlar”.

Onun sözlərinə görə, hər kəs bilməlidir ki, istənilən peşəkar idmanla məşğul olmaq sağlamlığa bu və ya digər formada hardasa öz mənfi təsirini göstərir:

“Bədənşəkilləndirmə 3 aya, 5 aya başa gələcək bir şey deyil. Bunu da yüksək dozada, proqramsız anabolik steroidlərlə edərək tez bir zamanda nəyəsə nail olmağa çalışmaq doğru addım deyil. Peşəkar məşqçilərlə birlikdə işləyərək illər alan zəhmətin nəticəsində daha sağlam bir bədən quruluşuna sahib olmaq olar. Sadəcə bəzi insanların tez bir zamanda iri əzələ kütləsinə sahib olmaq istəyi və peşəkar olmayan insanların yolundan getməyi doğru addım deyil”.

Günəş Mərd


SON XƏBƏRLƏR