• Bakı C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Millətlərarası münasibətlər tolerantlığın əsasıdır: inkişaf dinamikası, yeni tendensiyalar

LAYİHƏ

19 Mart 2025 | 15:05

Millətlərarası münasibətlər tolerantlığın əsasıdır: inkişaf dinamikası, yeni tendensiyalar

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Dünyanın müxtəlif xalqları, mədəniyyətləri və dinləri arasındakı qarşılıqlı əlaqələr əsrlər boyu bəşəriyyətin inkişafında mühüm rol oynyıb.

Müasir dövrdə qloballaşma prosesi daha da sürətlənib, müxtəlif etnik və dini qrupların bir arada yaşaması zərurətə çevrilmişdir. Bu baxımdan, dini və milli tolerantlıq yalnız harmoniya və sabitlik yaratmaq üçün deyil, həm də cəmiyyətlərin davamlı inkişafına töhfə vermək üçün əsas şərtlərdən biridir.

Dini və milli tolerantlıq anlayışı insan haqlarının qorunması, azadlıqların təmin edilməsi və ictimai harmoniyanın formalaşdırılması ilə sıx bağlıdır. Tolerantlıq sadəcə dözümlülük deyil, eyni zamanda başqalarının inanclarına, adət-ənənələrinə və milli kimliklərinə hörmətlə yanaşmaqdır. Bu anlayış fərdlərin bir-birini daha yaxşı tanımasına, birgəyaşayış mədəniyyətinin formalaşmasına və qarşılıqlı anlaşmanın dərinləşməsinə zəmin yaradır.

Tarix boyu dini və milli münaqişələrin yaratdığı fəsadlar bəşəriyyətə ağır ziyanlar vurub, cəmiyyətlər arasında parçalanmaya səbəb olub. Eyni zamanda, tolerantlığın və dialoqun hakim olduğu cəmiyyətlər daha sabit, təhlükəsiz və firavan olub. Tarixi nümunələr göstərir ki, multikultural mühitin mövcud olduğu ölkələrdə elmi, mədəni və iqtisadi inkişaf daha sürətli getmiş, fərqli din və etnik mənsubiyyətə malik insanlar birgə fəaliyyət göstərərək ümumi rifaha töhfə vermişlər.

Müasir dövrdə qloballaşma və miqrasiya prosesləri dini və milli müxtəlifliyi daha da artırmışdır. Bu da insanları qarşılıqlı anlaşmaya, mədəni dialoqa və tolerantlığa daha çox önəm verməyə sövq edir. Dünyanın bir çox ölkəsində multikulturalizm siyasəti yürüdülür, müxtəlif xalqların və dinlərin bir arada sülh şəraitində yaşaması üçün hüquqi və sosial mexanizmlər formalaşdırılır. Azərbaycanda da dini və milli tolerantlıq qədim ənənələrə söykənir. Ölkəmiz tarixən fərqli millətlərin və dinlərin nümayəndələrinin dostluq və qarşılıqlı hörmət şəraitində yaşadığı bir məkan olmuşdur. Azərbaycan modeli dünyada tolerantlığın və multikulturalizmin uğurlu nümunələrindən biri kimi qəbul edilir. Bu gün ölkədə müxtəlif dinlər və etnik qruplar arasında harmoniyanın qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində hansı addımlar atılır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, hər bir ölkənin tarixi coğrafiyası olduğu kimi, tarixi sosiologiyası da mövcuddur. Azərbaycanın tarixi sosiologiyası dini, mədəni və etnomədəni baxımdan son dərəcə zəngindir:

"Bu komplementarlıq, yəni müxtəlif komponentlərin bir-birini tamamlaması bütöv bir azərbaycanlı sosial kimliyini formalaşdırmışdır. Bu, tarixin süzgəcindən keçərək illərlə inkişaf edən keyfiyyətlər sistemidir. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyasında da bu dəyərlər və münasibətlər sistemi nəzərə alınmışdır. Buna görə də Azərbaycanda dini tolerantlıq, etnik ünsiyyət və mədəni inteqrasiya yüksək səviyyədədir. Ölkəmizdə mədəni fərqlilik birləşdirici amil kimi çıxış edir, ayrı-seçkilik və qütbləşmə yaratmaq əvəzinə, harmoniyanı təmin edir. Eyni zamanda, dini və məzhəb müxtəlifliyi də cəmiyyət daxilində uyumlu bir şəkildə mövcud olur və ümumi sosial dəyərlər sisteminin tərkib hissəsinə çevrilir".

Hikmət Babaoğlu: Tolerantlıq və harmoniyanın davam etməsi üçün dövlət və digər qurumlar fəal şəkildə çalışır

Onun sözlərinə görə, bu vəziyyət, bir tərəfdən, Azərbaycan xalqının milli mentaliteti ilə sıx bağlıdır. Milli xarakterimizdə, mənəviyyatımızda və psixologiyamızda bu tolerantlıq və birgəyaşayış mədəniyyəti özünü göstərir:

"Digər tərəfdən, bu dəyərlər hüquqi müstəvidə də təsbit olunub. Konstitusiyada əksini tapan bu keyfiyyətlər hüquqi məzmun kəsb edərək ölkənin sosial və siyasi sisteminin əsas prinsiplərindən birinə çevrilmişdir. Bu, unikal bir hadisədir və xalqımızın birliyi, həmrəyliyi, gücü və bərabərliyi məhz bu zəngin mədəniyyətdən, dərin dini və siyasi dünyagörüşündən qaynaqlanır. Bu keyfiyyətlər Azərbaycan xalqını daha böyük gələcəyə aparacaq gücə və perspektivə malikdir".

Həmsöhbətimiz qeyd edib ki, hazırkı tarixi mərhələdə yeni şərtlər daxilində multikultural dəyərlərin daha da zənginləşdirilməsi, dini tolerantlığın dərinləşdirilməsi və bütün dinlərin nümayəndələrinin Azərbaycanda öz inanclarını sərbəst şəkildə ifadə etməsi mühüm əhəmiyyət daşıyır:

"Hətta eyni din daxilində olan fərqli məzhəblərin daşıyıcılarının birgə vəhdət namazı qıla bilməsi bu mühitin nə qədər perspektivli və dərin olduğunu göstərir. Bu, cəmiyyət daxilində həmrəyliyin və qarşılıqlı hörmətin yüksək səviyyədə olduğunu sübut edir. Eyni zamanda, bu tolerant mühit müxtəlif din və etiqadların sülh şəraitində birgəyaşayışına mühüm zəmin yaradır. Bu tolerantlıq və harmoniyanın davam etməsi üçün dövlət, ictimaiyyət, ictimai institutlar və vətəndaş cəmiyyəti qurumları daima fəal şəkildə çalışır və bu dəyərlərin qorunması üçün əlindən gələni edirlər",- Hikmət Babaoğlu fikirlərini belə yekunlaşdırıb.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR