• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Misir kimə qarşı silahlanır? - Analiz

SİYASƏT

09 Iyul 2021 | 16:37

Misir kimə qarşı silahlanır? - Analiz

Son illərdə böyük həcmdə silah və texnika alan Qahirə regionun ən böyük ordusunu yaradıb.

Bu günlərdə Misirin Aralıq dənizinin Liviya sərhədinə yaxın ərazisində “3 iyul” adlı yeni hərbi-dəniz bazasının açılışı olub. Baza Misirin şimal-qərbində yerləşən Neqaila şəhərində, Liviya sərhədin 200 kilometrliyindədir.

Bazanın açılışında İtaliyadan alınmış iki ədəd FREMM model freqat “Əl-Calala” (FFG-1002) və “Bernes” (FFG-1003), Fransadan alınmış Mistral model iki ədəd vertolyot gəmisi, eləcə də Almaniyadan alınmış yeni sualtı qayıq nümayiş olunub.

Bu Misirin Liviya ilə sərhəddə yeganə hərbi bazası deyil. 2017-ci ildə “Məhəmməd Nəcib” hərbi bazası qurulub. Mersa Matruh şəhəri yaxınlığında yerləşən “Məhəmməd Nəcib” hərbi bazası Afrika və Yaxın Şərqdə ən böyük hərbi baza hesab olunur. Misirin Liviya ilə sərhəddə (100 kilometr məsafədə) yerləşən daha bir hərbi bazası “Sidi Barani” hərbi-hava bazasıdır. Nabata hərbi-hava bazası ilə birlikdə hər iki baza Liviya ilə sərhədin yaxınlığında yerləşir. Misirin ən böyük hərbi-dəniz bazası olan İsgəndəriyyə hərbi-dəniz bazası da Liviya ilə sərhədə yaxın ərazidə yerləşir. Misirin Liviyada əsas hərbi-siyasi oyunçu olması iddiasının sübutu olan bu hərbi bazalar Liviyadan Misirə qarşı islamçı qrupların hücumlarına qarşı müdafiə məqsədi ilə qurulsa da, bu bazalar həmçinin Misirin Liviyaya mümkün hərbi müdaxiləsini təmin etməyə xidmət edir.

Ancaq Misir hakimiyyətinin bütün hərbi planları Liviya ilə bağlı deyil. Əhalisinin sayı 100 milyona yaxınlaşan Misir son illərdə sürətlə silahlanır və regionun polisi rolunu üzərinə götürməyə çalışır. Bunun üçün müttəfiq ərəb dövlətləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri Misirə maliyyə və siyasi dəstək verir. Bu dəstəyi Misirin son 7 ildə aldığı silah və texnikanın siyahısından da görmək olar.

Məsələ ondadır ki, 2013-cü ildə hərbi çevriliş nəticəsində “Müsəlman Qardaşlar” (İxvan) iqtidarını, prezident Məhəmməd Mursini devirərək hakimiyyətə gələn keçmiş baş qərargah rəisi və müdafiə naziri marşal Əbdülfəttah əs-Sisi sürətlə silahlanmaya başladı.

Hazırda beynəlxalq araşdırma mərkəzlərinin hesablamalarına görə Misir ordusu Yaxın Şərqin ən böyük, dünyada isə 9-cu ən böyük ordu hesab olunur. Son 8 ildə (çevrilişdən sonra) Misir əvvəlki 30 ildən fərqli olaraq daha çox ABŞ-dan deyil, fərqli ölkələrdən silah alıb. 1978-ci il Kemp Devid sazişindən sonra Misir ABŞ-dan hərbi yardımlar alıb. Bu dövrdən sonra Misir ordusunun silah və texnikası əsasən ABŞ-dan təmin olunub. Çünki Yaxın Şərqdə İsraildən sonra ən çox Misir yardım alıb. Qahirənin ABŞ-dan aldığı 2,1 milyard dollar yardımın 1,3 milyard dolları hərbi təyinatlı yardımlar – silah və texnika - olub.

Ancaq indi Misir artıq silahlanmada çeşidlənməyə gedir. Təbii ki, həcm də artır. Məsələn, hesablamalara əsasən Misir 2013-2017-ci illərdə 2008-2012-ci illərlə müqayisədə silah alışını 2,25 dəfə artırıb.

Son illərdə Misir Çindən 32 ədəd yeni nəsil “Wing Loong I Wing Loong” PUA-ları alıb. 2014-cü ildə Rusiyadan 46 ədəd MiG-29 qırıcısı, 46 ədəd Ka-52 vertolyotu və “Mi-24” hücum vertolyotu alıb.

2015-ci ildə isə Misir Fransadan 24 ədəd “Rafale” döyüş təyyarəsinin alınması ilə bağlı razılaşma imzaladı, sonrakı dövrdə daha 12 ədəd “Rafale” aldı.

Yenə həmin il Misir ABŞ-dan 8 ədəd F-16C “Block 52” model döyüş təyyarəsi alınması barədə müqaviləni təsdiqlədi. Bundan başqa ABŞ-dan 10 ədəd “Apache” vertolyotu alınması barədə saziş imzalandı.

2020-ci ildə Misir beton istehkamları dağıtmaq üçün hazırlanmış “Cruise” raketləri, “AASM Hammer” idarə olunan raketləri, “300-400 SCALP-EG” uzaq mənzilli raketlər, Rusiyadan isə “MiG-29” təyyarələri üçün nəzərdə tutulmuş bombalar satın alıb. Eyni zamanda “Rafale” təyyarələri üçün nəzərdə tutulmuş 50 ədəd “Cruise” raketlər alınıb.

İtaliyadan isə ümumi dəyəri 370-400 milyon dollar olan 24 ədəd “M-346” təlim təyyarəsinin alınması barədə müqavilə imzalanıb. Yenə İtaliyadan 400 milyon avro dəyərində 32 ədəd “TUHP 149” model döyüş vertolyotları alıb.

Bu siyahıya Rusiyadan “S-300VM” və “S-400” HHM sistemləri alınması istiqamətində danışıqlar aparır. Ancaq Misirin S-300 və orta mənzilli “Buk-M2E” HHM sistemləri aldığı məlumdur.

Misir ordusunun dəniz qüvvələri də bu illərdə xeyli yenilənib. 2015-ci ildə Misir Fransadan FFG-1001 freqatı alıb. Həmçinin 2 ədəd Mistral tipli döyüş gəmisi və 1 ədəd “Gowind-2500” korvet alınıb.

Almaniyadan isə 4 ədəd “MEKO-4” model çoxfunksiyalı freqat alınması müqaviləsi imzalanıb. Eləcə də ABŞ-dan 4 ədəd, Rusiyadan və İtaliyadan hərbi gəmilərin alınması ilə bağlı müqavilələr imzalayıb. Bundan başqa donanmanın inventarına 22 ədəd yeni döyüş kateri, Rusiya istehsalı “Bastion” sahil müdafiə sistemi alıb.

Quru qoşunlarında da ciddi yenilənməyə gedən Misir 2020-ci ildə Rusiyadan 500 ədəd T-90MS tankı alınması üçün müqavilə imzalayıb.

Bütün bunlarla yanaşı hazırda Misirdə yüngül silahlar (tapança və avtomat silahlar) və “Sina-200” adlı Misir model zirehli döyüş maşını istehsal edən “300 əl-Harbi” zavodu, həmçinin İspaniya ilə ortaq iki hərbi müəssisə mövcuddur. Bundan başqa hazırda Misirin yerli “Əbu Zabal” hərbi zavodu ABŞ-a məxsus “Abrams M1A1” tanklarını ABŞ-dan kənarda istehsal edən yeganə ölkə hesab olunur.

Bütün bu yenilənən silah və texnika parkı ilə Misir hazırda regionun ən böyük ordusuna sahib ölkə ünvanına malikdir. Bütün bunlar nə üçün edilir, doğrudanmı əhalisinin böyük hissəsi kasıblıq səviyyəsində olan Misirin silahlanmaya bu qədər ehtiyacı var? İsraillə artıq 43 ildir ki, sülh şəraitində yaşamasını nəzərə alsaq, Misirin hazırda İsraildən hər hansı təhlükə gözləmədiyi aydındır.

İsraillə müharibə riski olmasa da, Misirin bir neçə riskli qonşuları və təhlükələri var. Bunlardan birincisi Efiopiya ilə su böhranı – Renesans su anbarı – mövzusudur. Nil çayında Efiopiyanın su anbarı inşası Misirlə ciddi gərginliyə, hətta qarşıdurma riskinə qədər yüksəlib. İkinci risk Liviyadır. Misirin 1000 kilometrdən çox sərhədi olan Liviyada 10 ildir ki, vətəndaş müharibəsi və terror qruplarının fəaliyyəti mövcuddur. 2014-cü ildə Liviyanın bir neçə şəhərində nəzarəti ələ keçirən İŞİD misirli işçiləri oğurlayıb edam edərək Qahirəni hücumla təhdid etmiş və buna cavab olaraq Misir aviasiyası Liviyadakı terror qruplarını bombalamışdı. Üstəlik 2019-cu ildə Liviyanın şərqinə nəzarət edən Tobruk hökuməti ilə Qərbdə - Tripolidə yerləşən islamçı hökumət arasında müharibənin şiddətlənməsi Misirin Liviyaya müdaxiləsi mövzusunu gündəmə gətirib. Bu məsələdə Misiri Səudiyyə Ərəbistanı, BƏƏ kimi ərəb ölkələri də dəstəkləyir. Türkiyənin 2020-ci ildə Liviyaya ordu göndərməsi Tripoli Milli Saziş Hökumətinin cəbhədə irəliləməsinə səbəb olmuşdu və buna cavab olaraq Misir Liviyaya hərbi qüvvə göndərməyə hazırlaşsa da, sonradan beynəlxalq birliyin müdaxiləsindən sonra atəşkəs əldə olundu. Misirin Liviya ilə sərhəddə hərbi bazalar inşa etməsinin əsas səbəbi məhz Liviyaya hərbi müdaxilə ehtimalıdır.

Misir üçün daha bir təhlükə daxildə, Sinay yarımadasında möhkəmlənən islamçı radikal qruplardır. 2014-cü ildə İŞİD-ə beyət edən “Beyt əl-Makdis” qruplaşması ötən illərdə Misir ordusuna qarşı bir neçə dəfə hücumlar edib. Qahirə Sinay qruplaşmalarını daxildə vətəndaş müharibəsi təhdidi olaraq görür.

Misirin silahlanmasının daha bir səbəbi də Aralıq dənizinin şərq hissəsində tapılan neft və qaz ehtiyatlarıdır. Hazırda Şərqi Aralıq dənizi enerji ehtiyatları uğurunda region ölkələri arasında açıq və gizli rəqabət davam edir. Misir 2013-cü il çevrilişindən sonra Türkiyə ilə münasibətləri kəskinləşməsi səbəbi ilə Yunanıstanla yaxınlaşır. Ancaq Misirin iddia etdiyi ərazi suları Türkiyə ilə münaqişə törətmədiyi üçün hazırda Ankara Yunanıstan-Misir ittifaqını qırmaq üçün Qahirə ilə diplomatik danışıqlar aparır. Lakin istənilən halda Aralıq dənizində tapılan neft-qaz ehtiyatlarının istismarı və gəlirlərə nəzarət üçün region ölkələrinin ərazidə ciddi hərbi gücə ehtiyacını doğurub.

Və nəhayət əhali sayına görə ən böyük ərəb ölkəsi olan Misir həm yerləşdiyi coğrafi mövqe (Aralıq və Qırmızı dənizlərə çıxışı, Afrikaya. Yaxın Şərqlə coğrafi sərhədləri) səbəbi ilə Misir Yaxın Şərqin yeni “polis gücü” kimi ortaya çıxır. Misirin demoqrafik imkanları. Böyük ordusu ona bu funksiyanı daşımaq imkanı verir. Bunun üçün çatmayan maliyyə dəstəyini isə müttəfiq ərəb hakimiyyətləri verir. Bununla da Qahirə yaxın illərdə regionun əsas hərbi gücünə çevrilmək yolunda sürətlə irəliləyir.

Kənan Rövşənoğlu

Analitik Şöbə

Bakıvaxtı.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026