• Bakı 22° C

    1.04 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Müəllim şagirdin başına saqqız yapışdırıb? - İDDİA

CƏMİYYƏT

08 Iyun 2026 | 16:59

Müəllim şagirdin başına saqqız yapışdırıb? - İDDİA

Bakıda orta məktəb şagirdi təhsil aldığı müəssisədə təhqir edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-a Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi, ev 29-da yaşayan Ceyran Kazımova müraciət edib. Valideyn iddia edir ki, övladı Hacət Nemət oğlu Bədəlov Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli tam orta məktəbin 8B sinfində təhsil alır. Bir müddət əvvəl məktəbin Rahibə adlı ingilis dili müəllimi dərs zamanı oğlunu sinif yoldaşlarının qarşısında təhqir edib. Nəticədə oğlu psixoloji sarsıntı keçirib:

"Oğlumda nəfəsalma problemi var, boğazında qıcıqlanmalar olur. Bu məqsədlə o, orqanizmində həmin problem yarananda təravətli konfet və ya saqqız çeynəyərək, orqanizmini tənzimləyir. Bir müddət əvvəl oğlum ingilis dili dərsində olarkən boğazında yenidən problem yaranıb və o, nanəli saqqız çeynəmək istəyib. Həmin vaxt bunu Rahibə adlı müəllim görüb və oğlumu dərs lövhəsinin qarşısına çağırıb. O, oğlumdan tələb edib ki, saqqızı başına yaxsın. Oğlum müəlliməyə probleminin olduğunu deyib və ondan xahiş edib ki, saqqızı zibil qabına atsın, sinif yoldaşlarının gözü qarşısında təhqir olunmasın. Oğlum müəllimə yalvarsa da, Rahibə müəllimə ona məhəl qoymayıb. O, saqqızı uşaqdan alıb, şagirdlərin gözü qarşısında onun başına yapışdırıb. Daha sonra müəllim saqqızın saçdan qopmadığını görüb, oğlumun saçını qayçı ilə qırxıb, saqqızı təmizləyib. Müəllimə oğluma tapşırıb ki, bu barədə evdə valideynlərinə nəsə desə, onu orta məktəbdən qovacaq, üzərinə şər atacaq".

Valideyn bildirib ki, şagird dərsdən sonra evə gəlib və güclü psixoloji sarsıntı keçirib:

"Həmin gündən etibarən oğlum orta məktəbə gedə bilmir. Məktəbin yanından keçəndə belə ağlayır, diksinir, özünü pis hiss edir. Baş verən hadisədən sonra məktəbdə bəzi şagirdlər oğlunu ələ salmağa başlayıb və bu vəziyyət uşağın psixoloji durumuna ciddi mənfi təsir göstərib.

Məsələ ilə bağlı orta məktəbə gedib direktor, sinif rəhbəri və ingilis dili müəllimi ilə görüşdüm. Direktor və sinif rəhbəri məsələnin ictimailəşdirilməməsini xahiş etsələr də, hadisəni törədən ingilis dili müəllimi mənə təzyiq göstərdi. Bildirdi ki, əcəb edib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bundan sonra məktəbin direktoru və oğlumun sinif rəhbəri mənə və uşağa təzyiqlər göstərməyə başlayıblar. Mənim uşağım hazırda psixoloq kursuna gedir, amma travmaları hələ də qalmaqdadır. Psixoloq tərəfindən oğluma F43.1 diaqnozu qoyulub, onun məktəbə getmək istəmədiyini və həyatla bağlı təhlükəli fikirlər səsləndirdiyini bildirir. Məktəbin direktoru isə mənə təzyiq edir, uşağın guya bilərəkdən təhsildən yayındığını deyirlər".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, qeyd olunan məsələ ilə bağlı valideynin hüquq-mühafizə orqanlarına müraciət əsasında aparılmış araşdırma nəticəsində iddianın əsassız olduğu müəyyən edilib və bununla bağlı rəsmi qərar qəbul olunub:

"Həmçinin məktəbdaxili araşdırma aparılıb, müəllim, valideyn və şagirdə uyğun tövsiyələr verilib.

Eləcə də məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR