“İşğal altında olan mədəni mülkiyyətin dağıdılması və arxeoloji qazıntıların aparılması beynəlxalq qanunlara görə qadağandır. Bu cinayəti edən dövlət məsuliyyət daşıyır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının təqdimatında Mədəniyyət naziri Anar Kərimov bildirib.
Onun sözlərinə görə, tarixi və mədəni abidələrin vandalizmə məruz qalması ilə bağlı Azərbaycan hökuməti və qeyri-hökumət təşkilatları UNESCO-ya dəfələrlə müraciət ediblər: “Təəssüf olsun ki, vandalizm aktları törədən Ermənistana qarşı beynəlxalq təşkilatlar bəyanat səsləndirməyib və təzyiq göstərməyiblər”.
Nazir bildirib ki, indiki Ermənistan ərazində qalmış tarixi abidələrlə bağlı təbliğat işi gücləndirilməlidir: “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının xarici dillərə tərcümə olunması arzuolunandır. Amma bu istiqamətdə yeni layihələrin olması da məqsədəuyğundur”.
Ramid İbrahimov
















