Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi müzakirələrə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat içilərindən, bir sözlə texniki heyətdən ibarət olduğu vurğulanır.
Məsələ ilə bağlı qurumun katibi Elçin Hüseynbəylinin "Report"a açıqlamasında "Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib", deməsi müzakirələri bir az da qızışdırıb.
AYB-nin birinci katibi Çingiz Abdullayev də mövzuya münasibətsiz qalmayıb.
Ev bölgüsü ilə bağlı "Qafqazinfo"ya danışan Xalq yazıçısı Çingiz Abdullayev bunları deyib:
"Mən Bakıda deyildim, iki ay idi Almaniyada idim. Almaniyada tələbələrlə görüşlərdə iştirak edirdim. Bu məsələni mən Bakıda olmadığım halda, mənsiz həll ediblər. Nə siyahı görmüşəm, nə də ev verilənlərin adını. Ona görə xahiş edirəm ki, mənim adım çəkilməsin. Deməsinlər ki, Çingiz Abdullayev siyahı tərtib edib, ev bölüb, ev verib. Mən Bakıda olmamışam, baş verənlərdən də xəbərsizəm"./qafqazinfo.az