• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ömrü az olan göbələk ömrümüzü yarıda qoya bilər

CƏMİYYƏT

23 Oktyabr 2023 | 12:34 | Müəllif: Qalib İbrahimoğlu

Ömrü az olan göbələk ömrümüzü yarıda qoya bilər

Son günlər "Göbələkdən zəhərlənib" başlıqlı yazılara tez-tez rast gəlirik. Bəs, yeməli göbələklə zəhərli göbələyi necə fərqləndirə bilərik? Zəhərlənmə anında ilkin tibbi yardımı necə göstərməliyik?

Qida üzrə mütəxəssis Ağa Salamaov Bakıvaxtı.az-a bildirib ki, çox vaxt kənd yerlərində göbələk yığımı zamanı solğun əzvay deyilən göbələklə şampinyon göbələyi səhf salınır. Nəticədə isə zəhərlənmə baş verir: "Həmin göbələklərdən adətən, turşu qoyurlar, qızardırlar, bişirirlər, salat edirlər və s. İstehlak edildiyi zamanı isə zəhərlənmə halı qeydə alınır. Beləliklə, kimyəvi zəhərlənmə nəticəsində qida zəhərlənməsi baş vermiş olur".

Ağa Salamov, qida üzrə mütəxəssis

Onun sözlərinə görə, şampinyonların zəhərlənmə vermə ehtimalı aşağıdır. Lakin bunun da müəyyən şərtləri var: “Mədəniləşdirilmiş formada yetişdirilən şampinyonlar düzgün şərtlər altında saxlanıldıqda zəhərlənmə vermir.
Ancaq düzgün saxlanmayanda, şirə salanda və yaxud birinci dəfə bişirəndən sonra təkrar qızdırıb yeyəndə zəhərlənmə baş verə bilər".

Müsahibimizin fikrincə, elə qidalar var ki, onu ikinci dəfə qızdırıb yemək qida zəhərlənməsinə gətirib çıxarır. Onlardan biri də göbələkdir. "Mən düşünürəm ki, rayondan gətirilən göbələk turşularını alarkən ehtiyatlı olmaq lazımdır. Həmçinin yığımı zamanı da diqqətli olmaq şərtdir. Bunun üçün də göbələkdən anlayışı olan insan yığımda iştirak etməlidir. Bu, kənd sakini də ola bilər, mütəxəssis də.

A.Salamov qeyd edib ki, sözügedən iki göbələyi - şampinyon və solğun əzvayı mütləq ayırd etmək lazmdır: "Bəzən toylarda da zəhərlənmə halı qeydə alınır. Araşdırma zamanı məlum olur ki, göbələkdən baş verib. Kim zəhərli olan göbələyi istehlak edibsə, onlar zəhərlənir. Nəinki, toyda hətta ailədə də zəhərlənmə baş verə bilər. Bu səbəbdən diqqətli olmaq lazımdır".

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov Bakıvaxtı.az-a deyib ki, son 3 ayda göbələk zəhərlənməsi ilə bağlı mərkəzə 16 nəfər müraciət edib.

Azər Maqsudov, Səhiyyə Nazirliyinin baş toksikoloqu

Onun sözlərinə görə, müraciət edən xəstələr yabanı göbələkləri meşədə, ya hansısa sahədə yığıb istehlak ediblər: "Gələnlər arasında 6 nəfər kəskin ağır vəziyyətdə, qalanları isə ağır vəziyyətdə idilər. Əvvəlcə müayinə, sonra isə peşəkar həkimlər tərəfindən müalicə işləri görülüb. Sonra isə sağ-salamat evlərinə yazılıblar".

Müsahibimiz xüsusilə vurğulayıb ki, zəhərlənmə verən yabanı göbələklər əsasən, solğun əzvay və milçəkqıran göbələkləridir. Onlar yol kənarında, meşədə və s. yetişir.

"Ən təhlükəlisi isə solğun əzvay göbələyidir. Onun içərisində zəhərləyici toksiki maddə var. Hansı ki, çoxlu yeməli göbələk olan qaba bir solğun əzvay göbələyi düşsə, tamamilə zəhərlənmə verir. Bu, kütləvi zəhərlənməyə belə gətirib çıxara bilər. Həmin zəhərlənmənin qarşısı alınmasa çox vaxt ölümlə nəticələnir. Statistik məlumata baxanda 90-95% ölümlə nəticələnir", - deyə Baş toksikoloq bildirib.

Onun sözlərinə görə, göbələkdən zəhərlənmə zamanı ilkin tibbi yardım kimi mədə-bağırsaq təmizlənməlidir. Həmçinin bunun davamı olaraq həkim nəzarəti altında müalicə olunmalıdır.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026