Türkdilli xalqların ortaq əlifba qəbul etməsi məsələsi uzun illərdir ki, gündəmdədir.
Bu təşəbbüsün əsas məqsədi dil və mədəniyyət sahəsindəki inteqrasiyanı daha da gücləndirmək, eyni zamanda qardaş xalqlar arasında ünsiyyəti asanlaşdırmaqdır. Lakin ortaq türk əlifbasının qəbul edilməsi təkcə mədəni amillərlə məhdudlaşmır. Bu qərar həm də siyasi, iqtisadi və geosiyasi dəyişikliklərin xəbərçisi kimi dəyərləndirilə bilər.
Bakıvaxtı.azxəbər verir ki, Türk Dünyası Ortaq Əlifba Komissiyasının dünən Bakıda keçirilən üçüncü iclasında çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev türk dünyası ortaq əlifbasının 14 hərfinin təsdiq olunduğu açıqlayıb:
“Ümid edirik ki, tezliklə türk dünyasının ortaq əlifbasının bütün hərfləri razılaşdırılacaq və təsdiq olunacaq”.
Bəs yeni ortaq türk əlifbasının təsdiq edilməsi nəyin xəbərçisdir?
Oqtay Qasımov: "Bu qərar mədəni, siyasi və iqtisadi əlaqələrin güclənməsinə səbəb olacaq"
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, ortaq türk əlifbasının qəbul edilməsi ilk baxışdan dillərarası anlaşma və kommunikasiya vasitəsi kimi görünsə də, əslində çox daha dərin məna daşıyır.
Dediyinə görə, bu qərar türk dünyasının dil birliyindən çox, onun mədəni, siyasi və hətta iqtisadi birliyinə doğru atılan mühüm bir addımdır:
“Türk xalqları tarixin müxtəlif mərhələlərində ayrı-ayrı dövlətlərin tərkibində yaşamış, fərqli dillər və yazı sistemlərindən istifadə ediblər. Sovet dövründə isə bu xalqların latın əlifbasından kiril əlifbasına keçid etməsi onların təcrid olunmasına, mədəni əlaqələrin zəifləməsinə səbəb olub. Lakin 1991-ci ildə SSRİ-nin dağılması və türk respublikalarının müstəqillik qazanması ilə bu istiqamətdə yeni proseslər başladı".
Müsahibimiz ortaq əlifbanın qəbul edilməsi türk xalqlarının inteqrasiya prosesində mühüm mərhələ olduğunu vurğulayıb:
"Bu, dillərarası maneələrin azalmasına, mədəni əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Eyni zamanda, ortaq əlifba vasitəsilə tədris və təhsil sahəsində də əməkdaşlıq genişlənəcək. Həm tərcümə ehtiyacı azalacaq, həm də nəşrlər, kitablar, elmi əsərlər bir dil daşıyıcıları üçün daha əlçatan olacaq. Bu qərar, ümumilikdə, türkdilli dövlətlər arasındakı mədəni körpüləri möhkəmləndirmək məqsədi daşıyır. Dil, bir xalqın yaddaşıdır, mədəniyyətinin təməl daşıdır. Ortaq əlifbanın qəbul edilməsi, bu yaddaşın və mədəniyyətin daha canlı, güclü və birgə təmsil olunmasına imkan yaradacaq".
Oqtay Qasımov bu tarixi hadisənin siyasi və iqtisadi aspektinə toxunaraq qeyd edib ki, bu addım türk respublikaları arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsinə kömək edə bilər:
"Ümumi dil və yazı sisteminin olması, ticarət əməliyyatlarının, sənədləşmənin, hüquqi əlaqələrin daha asan və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradar. Bundan əlavə, informasiya texnologiyalarının genişləndiyi dövrdə vahid əlifba vasitəsilə elektron dünya ilə daha sıx inteqrasiya mümkün olacaq. Bu qərarın siyasi tərəfi isə türk xalqları arasında vahid güc mərkəzinin formalaşması ilə əlaqədardır. Türk dövlətlərinin birliyinə yönəlimiş hər bir addım qlobal miqyasda onların nüfuzunu artırır. Ortaq əlifba milli və siyasi birliyin rəmzi ola bilər. Bu, türk respublikalarının həm öz aralarında, həm də beynəlxalq səhnədə daha güclü və mütəşəkkil çıxış etməsinə şərait yaradacaq. Həmçinin, türk dövlətləri arasında əlaqələrin güclənməsi, eyni zamanda regional və beynəlxalq geosiyasi balansın dəyişməsinə də təsir göstərəcək".
Bu qərarının başqa bir strateji tərəfi kimi dövlətlərin regiondakı qlobal güclərlə münasibətlərinə təsir edəcəyini deyən siyasi şərhçi nəzərə çatdırıb ki, bu addım türk respublikalarının regionda bir güc mərkəzi kimi formalaşmasına gətirib çıxara bilər:
"Bu proses digər xalqlar və dövlətlər tərəfindən diqqətlə izlənəcəkdir. Xüsusilə Avrasiya regionundakı güclər, bu birliyin gələcəkdə onların maraqlarına necə təsir edəcəyini yaxından izləyəcəklər. Bütün bu amillər göstərir ki, ortaq türk əlifbasının qəbul edilməsi sırf dil və yazı məsələsi deyil, daha geniş miqyasda türk dünyasının birliyinə yönəlmiş bir qərardır. Ortaq əlifba xalqlarının tarixi yaddaşını canlandırmaq, onların müstəqillik və özünüdərk prosesini daha da gücləndirmək məqsədinə xidmət edir. Bu vasitəylə türk respublikaları həm mədəni, həm də siyasi səhnədə birgə çıxış etməyə hazır olduqlarını bəyan ediblər".
Araşdırmamız onu deməyə əsas verir ki, türkdilli xalqların gələcəyi üçün bu addımın əhəmiyyəti böyükdür. XXI əsrdə dillərin və mədəniyyətlərin qlobal səviyyədə rəqabəti artır və bu rəqabətdə türk dünyası ortaq əlifba vasitəsilə daha güclü mövqe tuta bilər. Bu həm də dünyaya türk xalqının mədəni və intellektual birliyini nümayiş etdirən bir mesaj olacaq.
Əli Hüseynov