Özbəkistan-Azərbaycan Tekstil Forumu və B2B görüşü işə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tədbirin əsas məqsədi Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında tekstil sənayesi sahəsində ticarət əlaqələrinin inkişafı və mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Qeyd edək ki, açılışda Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov, o cümlədən, Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuğlu və "Founder Club Baku" şirkətinin rəhbəri Ruslan Dəmirov tədbir iştirakçılarına müraciət edəcəklər.
Forum çərçivəsində Özbəkistanın tekstil sənayesinin imkanları, ixrac potensialı və qlobal bazarlara inteqrasiya strategiyası barədə təqdimatlar keçiriləcək. Həmçinin “Made in Uzbekistan” sərgi sahəsi ilə tanışlıq təşkil olunacaq, müxtəlif tekstil şirkətləri öz məhsullarını təqdim edəcəklər.
Bildirək ki, tədbirin əsas hissəsini isə B2B görüşlər təşkil edir. Bu çərçivədə özbək istehsalçıları ilə azərbaycanlı idxalçılar və ticarət şəbəkələrinin nümayəndələri arasında birbaşa danışıqlar aparılacaq, əməkdaşlıq imkanları müzakirə ediləcək.
Əli Hüseynov
Bakı 




