Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanın 2020-ci il Dağlıq Qarabağ müharibəsinin səbəbləri ilə bağlı son bəyanatlarına cavab verib.
Bakıvaxtı.az-ın fransızdilli erməni saytı “armenews.com”a istinadən verdiyi xəbərə görə, N.Paşinyan bildirib ki, münaqişədən qaçmaq üçün Ermənistanın məsələ ilə bağlı mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyi ilə üst-üstə düşməli idi:
“44 günlük müharibənin qarşısını almaq üçün bir şey lazım idi: biz Qarabağ probleminin həlli ilə bağlı baxışımızın legitimliyini beynəlxalq qətnamənin legitimliyi ilə uyğunlaşdırmalıydıq”.
Baş nazirin sözlərinə görə, bu uyğunlaşmaya nail olmaq mümkün olmayıb:
“Çünki 1990-cı illərin əvvəllərindən Qarabağ probleminin nizamlanmasına dair bizim və beynəlxalq ictimaiyyətin anlayışının legitimliyi bir-birindən ayrılıb və ikisi arasında parçalanma yaranıb. Bu parçalanmanı aradan qaldırmaq üçün Ermənistan “Qarabağ Azərbaycanın bir hissəsi olmalıdır” bəndi ilə razılaşmalı idi, o zaman isə bunu etiraf etmək faktiki olaraq qeyri-mümkün idi. Başqa variant yox idi”. Əgər kimsə 2018 və ya 2019-cu ildə bunu edə biləcəyimizi düşünürsə, bəli, bunu etməməyim mənim səhvim idi".
Qeyd edək ki, sabiq separatçı Serj Sarkisyan Ermənistan tərəfinin müəyyən hərəkətlərinin Azərbaycana müharibəyə başlamasına haqq qazandırmağa imkan verdiyini bəyan edib. Azərbaycanın Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının aşağı düşməsindən xəbərdar olduğunu bildirib.
Yada salaq ki, Sarkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan Paşinyanın Qarabağ danışıqları ilə bağlı onunla canlı debatda iştirak etmək üçün dəfələrlə etdiyi dəvəti rədd ediblər. Əvəzində onlar onu beynəlxalq ictimaiyyətin himayəsi altında aparılan sülh prosesi ilə bağlı bütün sənədləri açıqlamağa çağırıblar. Bəyan ediblər ki, Paşinyan 2020-ci il müharibəsindən əvvəl Ermənistan Qarabağı daha əlverişli vəziyyətə salacaq sülh planını qəbul etməli idi. Onu da iddia edirlər ki, 2020-ci ildə müharibəni başa çatdırmaq üçün Rusiyanın təklifini daha əvvəl qəbul etməli idi, çünki onda erməni qüvvələri güclü mövqedə idilər. Paşinyan bütün bu ittihamları rədd edib. O bildirib ki, danışıqların mahiyyəti ilə bağlı əsas sənədlər ilin sonuna kimi dərc olunacaq.
Aydın Baxış
Bakı 



