Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edən “Vətən naminə Tavuş” hərəkatının kütləvi aksiyaları davam edir. Ermənistan Daxili İşlər Nazirliyi iki yüzə yaxın müxalif fəalın saxlandığını bildirib.
İrəvanda etirazlar keşiş Baqrat Qalstanyanın Tavuş vilayətindən İrəvana doğru yürüşə keçməsi ilə mayın 4-də başlayıb. Mayın 9-dan etibarən isə Ermənistan paytaxtında etiraz aksiyalarına start verilib. Erməni kilsəsinin nümayəndələri də ölkənin müxtəlif bölgələrindən yürüşə qoşulublar. Onlar Azərbaycanın işğal altında olan dörd kəndinin qaytarılmasını nəzərdə tutan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edirlər. Ermənistan mediası və ekspertlər keşiş Baqratı Rusiyadan aldığı pul müqabilində ölkədə vəziyyəti gərginləşdirmək cəhdində ittiham edirlər.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistandakı etiraz aksiyalarının hansı istiqamətdə cərəyan etməsi həm də rəsmi Bakının mövqeyindən asılıdır.
Ekspert vurğulayıb ki, Ermənistanda proseslərin gedişatı dolayı yolla Azərbaycanın atacağı addımlardan və sərgiləyəcəyi mövqedən asılıdır:
"Ermənistan baş naziri Nikol Paşinyanın indiki situasiyada hakimiyyətdə qalıb-qalmamasını belə demək mümkündürsə, Azərbaycan Prezidenti İlham Əliyev həll edir. Ona görə hazırda Ermənistan daxilində yaşananların elə də ciddi əhəmiyyəti yoxdur”.

Sərdar Cəlaloğlu: Belə şəraitdə heç kəs Paşinyanı hakimiyyətdən yıxa bilməz
Onun sözlərinə görə, Azərbaycan tərəfi məhz indiki məqamda İrəvan hökumətinə qarşı hansısa addımlar atarsa, hərbi-siyasi təzyiqlər göstərərsə, o zaman Paşinyan devrilə bilər. Amma Azərbaycan təmkinli davranaraq Ermənistanda gedən proseslərə qoşulmur.
“Belə şəraitdə heç kəs Paşinyanı hakimiyyətdən yıxa bilməz. Ümumən, hesab edirəm ki, noyabr ayınadək Azərbaycan-Ermənistan arasında sülhün imzalanması ehtimalı böyükdür", - deyə Sərdar Cəlaloğlu qeyd edib.
Aydın Baxış
















