“Pensiya kapitalının indeksləşdirilməsi sosial sığorta sistemində fəal iştirak üçün mühüm stimuldur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev pensiyaların indeksləşdirilməsi ilə bağlı keçirilən brifinqdə bildirib.
Nazir müavini qeyd edib ki, yeni Sərəncama əsasən sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları istehlak qiymətləri indeksinə uyğun olaraq 5,6 faiz artırılıb. Bu proses də hər hansı müraciət olmadan e-sistem üzərindən avtomatik həyata keçirilir.
Bildirilib ki, pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması əmək müqaviləsi ilə çalışan və sosial sığorta sistemində fəal iştirak edən şəxslər üçün əlavə motivasiyadır. Çünki fərdi hesabdakı vəsait yalnız aylıq sığorta ayırmaları hesabına deyil, həm də dövlət tərəfindən indeksləşmə yolu ilə artırılır.
Rəşad Mustafayev qeyri-formal məşğulluqda çalışan vətəndaşlara da çağırış edərək bildirib ki, əmək fəaliyyətlərini rəsmiləşdirməklə pensiya kapitalına sahib ola və gələcəkdə pensiya təminatı hüququ əldə edə bilərlər.
Zeynəb Rzayeva
Bakı 




