Ölkəmizdə qədim kökə malik sənət növlərindən biri də pəhləvanlıqdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində pəhləvanlıq sənəti yaşadılır. Pəhləvanlar eyni zamanda Novruz şənliklərinin personajlarından biridirlər. Onlar el şənliklərinə ayrı bir rəng qatırlar.
Pəhləvanlıqla məşğul olan Çingiz Məmmədov bu mövzuda Bakıvaxtı.az-a danışarkən pəhləvanların daha çox bayram şənliklərində yad olunduqlarını bildirib. Həmsöhbətimizin sözlərinə görə, əvvəllər Novruz şənliklərində pəhləvanlara indikindən daha çox maraq olub:
“Əvvəl Novruz bayramı ərəfəsində tədbirlərə dəvət olunurduq. İndi isə dəvət aldığımız barmaqla sayılası qədər belə şənlik var... Hazırda belə qədim bir sənəti müasirliklə əlaqələndirib yaşatmağa çalışıram. Yutub, Tiktok hesablarımın sayəsində bu sənəti yüzlərlə gəncə tanıdıram”.
Çingiz Məmmədov blogerlik fəaliyyətinin də ona pəhləvanlıq sənətini tanıtmaqda kömək etdiyini vurğulayıb:
“Blogerliyə başladığım ilk vaxtlarda pəhləvan videoları çəkdim. Videolar sosial şəbəkələrdə maraqla qarşılandı. Mənimlə əlaqə saxlayıb bu sənətlə maraqlanmağa başladılar. Elə bilirəm, onda bu sənəti yenidən diriltmişəm”.
O qeyd edib ki, hazırda ölkmizdə pəhləvanların sayı da çoxalıb:
“İnsanların bu sahəyə marağı artıb. İndi insanlar günlərinin böyük qismini sosial şəbəkələrdə keçirtdikləri üçün belə qədim peşələrin də təbliğatını sosial şəbəkədə aparmaq lazımdır. Mən inaniram ki, düzgün təbliğat olsa, bu peşə hələ çox yaşayacaq”.
Qeyd edək ki, Ç.Məmmədov hazırda Qazaxıstanda beynəlxalq sirklərdən birində fəaliyyətini davam etdirir.
Günəş Mərd


















