Polşa Gürcüstanın 27 və Moldovanın 13 vətəndaşını ölkədən deportasiya edib.
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Polşanın Sərhəd Xidməti yayıb.
Bildirilib ki, Gürcüstan və Moldova vətəndaşlarının deportasiyası 15 iyul tarixində, Radom şəhərindən Frontex – Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Gürcüstanın 20 və Moldovanın 9 vətəndaşı milli təhlükəsizlik və ictimai qaydanın qorunması məqsədilə ölkədən çıxarılıb.
Deportasiya olunanlar arasında bir gürcü vətəndaşı 12 dəfə oğurluq cinayəti ilə məhkum olunub. Bəziləri spirtli içki və ya narkotik maddə təsiri altında avtomobil idarə etdiyi üçün, eləcə də Polşada qeyri-qanuni yaşadığı üçün saxlanılıb. Deportasiya edilənlər arasında digər əcnəbilərin qanunsuz sərhəd keçidinə kömək edənlər də var.
Moldova Xarici İşlər Nazirliyi Polşa Sərhəd Xidmətinin yaydığı məlumatı təsdiqləyib.
Gülşən Şərif