Azərbaycan Premyer Liqasının XV turunda 2 komandanın heç-heçə yubileyi olub.
Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunlar “Sumqayıt” və “Səbail”dir.
“Sumqayıt” 50-ci dəfə səfərdən 1 xalla dönüb. Bu, “Turan Tovuz”la qarşılaşmada (2:2) gerçəkləşib. Sumqayıtın eyniadlı klubunun rəqib meydanlarındakı ilk bərabərliyi 2010/2011 mövsümünə təsadüf edib. 2011-ci il sentyabrın 18-də “Rəvan”la keçirilən matç 0:0 hesabı ilə yekunlaşıb.
“Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə “Səbail” üçün ikiqat yubileylə yekunlaşıb. Bakı klubu Premyer Liqada 40-cı, səfərdə 20-ci dəfə “sülh”ə imza atıb. “Səbail”in ilk heç-heçəsi 2017/2018 mövsümündə gerçəkləşib. 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər qarşılaşmasında qol vurulmayıb.