Rusiya Prezidenti Vladimir Putin Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
O, Putinin hazırda Kalininqradda olduğunu, ora yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanada Qorbaçovla vidalaşdığını söyləyib:.
“Kalinqrada yola düşməzdən əvvəl Prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, ümumi vida və.dəfn mərasimi sentyabrın 3-də keçiriləcək, amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün o, bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib", deyə Kremlin sözçüsü vurğulayıb.
Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçov çərşənbə axşamı Moskvada müalicə olunduğu mərkəzi klinikada 91 yaşında vəfat edib. Sentyabrın 3-də Qorbaçovun dəfn mərasimi keçiriləcək.
Mixail Qorbaçovun ölümündən sonra bir çox liderlər xatirə və başsağlığı mesajları paylaşdılar. Avropa Komissiyasının sədri Ursula fon der Leyen: “Qorbaçov etibarlı və hörmətli lider idi. Azad Avropaya yol açdı. Rahat yat Mixail Qorbaçov”.
BMT-nin baş katibi Antonio Quterreş: “Mixail Qorbaçov tarixin axarını dəyişən nadir dövlət xadimi idi. Onun ölümündən çox kədərlənirəm”.
ABŞ prezidenti Co Bayden: “Onilliklər boyu davam edən amansız siyasi repressiyalardan sonra o, demokratik islahatları qəbul etdi. Onun sayəsində dünya daha təhlükəsiz yerə çevrilib və milyonlarla insan daha çox azadlıq əldə edib”.
Almaniya kansleri Olaf Şolz: “Mixail Qorbaçov öldü, o, cəsur və islahatçı dövlət xadimi idi. Biz unutmayacağıq ki, yenidənqurma Almaniyanın birləşməsini və dəmir pərdənin aradan qalxmasını mümkün etdi”.
Fransa Prezidenti Emmanuel Makron deyib: “Seçimləri ruslar üçün azadlıq yolunu açan sülh adamı Mixail Qorbaçovun vəfatı ilə əlaqədar başsağlığı verirəm. Onun Avropada sülhə sadiqliyi bizim ümumi tariximizi dəyişdi”.
1985-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının rəhbəri olan Qorbaçov “islahat və açıqlıq” adlandırdığı siyasətlə ABŞ-la onilliklər davam edən soyuq müharibəyə son qoydu. Qorbaçov 1987-ci ildə ABŞ-ın o zamankı prezidenti Ronald Reyqanla imzaladığı nüvə tərksilah müqaviləsindən sonra dəmir pərdəni qaldıran şəxs kimi tarixə düşdü. Qərbdə Qorbi ləqəbli, yaxın münasibətdə olduğu, Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə postunu tərk edən Qorbaçov ittifaqın sağ qalan sonuncu lideri olub.
Aytac Aslan
















