• Bakı 26° C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Putin yeni “Volqa”nı ilk dəfə sürdü - VİDEO

DÜNYA

30 Avqust 2026 | 16:00

Putin yeni “Volqa”nı ilk dəfə sürdü - VİDEO

Sovet dövrünün ən prestijli avtomobillərindən sayılan "Volqa" yeni formada yollara qayıdıb. Rusiya Prezidenti Vladimir Putin Nijni Novqorodda yeni VOLGA K50-nin sükanı arxasına keçərək avtomobili şəxsən sınaqdan keçirib.

Bakıvaxtı.az bildirir ki,  Putin Nijni Novqorod avtomobil klasterində istehsal sahəsini gəzərkən yeni VOLGA K50-ni idarə edib.

Rusiya prezidenti şirkət nümayəndəsinin müşayiəti ilə avtomobillə bir sexdən digərinə gedib. Sınaqdan sonra Putin avtomobilin yumşaq hərəkət etdiyini, salonun sakit olduğunu və idarəetmənin çox rahat olduğunu bildirib.

Putinə yeni VOLGA ailəsinin digər avtomobilləri də nümayiş etdirilib. O, K50 ilə yanaşı C50 biznes-sedanına baxıb, avtomobillərdən birinin üzərində avtoqraf qoyub. Zavod nümayəndəsi həmin avtomobilin bundan sonra muzeyə göndərilməli olacağını deyib.

Yeni VOLGA K50 markanın flaqman krossoveridir. Avtomobil 238 at gücünə malik 2 litrlik turbomühərrik, 8 pilləli avtomatik sürətlər qutusu və tam ötürücü sistemlə təchiz edilib. K50-nin uzunluğu 4,77 metr, təkər bazası isə 2,845 metrdir.

Yeni "Volqa"ların seriyalı istehsalına 2026-cı ilin aprelində başlanılıb, satışlar isə iyunda start götürüb. Modellər Nijni Novqorodda vaxtilə Volkswagen və Škoda avtomobillərinin istehsal edildiyi müəssisənin güclərindən istifadə edilməklə buraxılır. Zavodun illik istehsal gücü 110 min avtomobildir.

"Volqa" adının isə 70 illik tarixi var. İlk QAZ-21 "Volqa" 1956-cı ildə Qorki Avtomobil Zavodunda istehsala buraxılmışdı. Sonrakı onilliklərdə QAZ-24 və onun davamçıları SSRİ-nin ən tanınmış avtomobillərindən birinə çevrildi.

Sovet dövründə "Volqa" sadəcə nəqliyyat vasitəsi deyil, həm də status rəmzi sayılırdı. Adi vətəndaş üçün bu avtomobili əldə etmək son dərəcə çətin idi. Avtomobillər məhdud sayda satışa çıxarılır, müəssisələr üzrə növbələr və bölgü sistemi tətbiq edilirdi. Buna görə kifayət qədər pulun olması belə "Volqa" almağa zəmanət vermirdi. Dövlət və partiya strukturlarının rəhbərləri, yüksək vəzifəli şəxslər, tanınmış elm və mədəniyyət xadimləri arasında "Volqa" xüsusi nüfuza malik idi.

Zamanında, SSRİ-də sahibinə xüsusi status qazandıran "Volqa" 70 il sonra tamamilə fərqli texnologiya və görünüşlə yenidən istehsala qayıdıb. Yeni dövrün K50 modelini sükan arxasında sınaqdan keçirənlərdən biri isə Vladimir Putin olub./Musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026