Ermənistan baş naziri Nikol Paşinyan “Qarabağ klanı”nın Ermənistanda hakimiyyəti dəyişə bilməyəcəyini bildirib. Paşinyan feodal klerikal elitaya səslənib: "Siz Ermənistanda hökumət dəyişikliyini həyata keçirə bilməyəcəksiniz, siz gücsüzsünüz". Baş nazir parlamentin qarşısında toqquşmalara görə II Qaregini və Koçaryanı ittiham edib. Parlamentdə çıxış edən Ermənistan hökumətinin başçısı deyib ki, katolikos və Robert Koçaryanın rəhbərlik etdiyi hərəkatın tərəfdarları dünən polislərə hücum edib. Baş nazir təhlükəsizlik qüvvələrinin cavabını qanuni və peşəkar adlandırıb. Bütün belə hallarda hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu şəkildə hərəkət edəcəklərini vurğulayıb.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Bakivaxti.az-a deyib ki, "Qarabağ klanı" Ermənistanda çevriliş etməyə cəhd etsə də, bunun baş tutması real görünmür.
Ekspertin sözlərinə görə, müxalifət kilsəni qabağa verməklə revanşist siyasət aparır:
"Bilirlər ki, Paşinyan sülh müqaviləsi bağlasa, Ermənistan üçün yeni üfüqlər açılacaq və baş nazir hakimiyyətini daha da möhkəmlədəcək. Belə olduqda onların hakimiyyətə gəlməsi mümkün görünmür. Odur ki, indiki dövrü fürsət bilib təxribatla, keşişləri qabağa verməklə hakimiyyəti devirmək istəyirlər. Ehtimal odur ki, aksiyalar müəyyən aralarla bir müddət davam edəcək. O baxımdan Paşinyan Azərbaycanla əlaqələri tezliklə yoluna qoymalı, sülhə doğru daha sürətlə addımlamalıdır. Proses nə qədər sürətlənərsə və tez yekunlaşarsa, Paşinyan hakimiyyəti üçün o qədər əlverişli olar. Paşinyan da bunu anlayır və ölkədəki qarışıqlığa baxmayaraq, prosesləri ləngitmək istəmir".
Həmsöhbətimizin qənaətincə, xarici müdaxilə olmazsa, "Qarabağ klanı"nın indiki hakimiyyəti devirməsi inandırıcı görünmür:
"Rusiya və Qərbin maraqlarının toqquşduğu zəmində bu, mümkünsüzdür. Paşinyanı dəstəkləyən Qərb Ermənistanda Rusiya maraqlarına məğlub olmaz. Mitinqlər də müəyyən müddətdən sonra səngiyəcək".
Aydın Baxış
















