• Bakı 26° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

“Yelo Bank” evimi əlimdən alır - Qarabağ qazisi ƏDALƏT AXTARIŞINDA

CƏMİYYƏT

01 Sentyabr 2025 | 15:53

“Yelo Bank” evimi əlimdən alır - Qarabağ qazisi ƏDALƏT AXTARIŞINDA

Azərbaycanda son illər banklarla vətəndaşlar arasında kreditlərlə bağlı mübahisələr, xüsusilə də devalvasiyadan sonra yaranan problemlər məhkəmə sistemində ən çox rast gəlinən işlərdən birinə çevrilib.

Manatla götürülən kreditlərin sonradan dollar ekvivalenti ilə tələb olunması, borcların artıqlaması ilə ödənilməsinə baxmayaraq yenidən iddiaların irəli sürülməsi və ekspert rəylərindəki ziddiyyətlər vətəndaşların hüquqlarının ciddi şəkildə zədələnməsinə səbəb olur. Bu kimi hallarda ədalətin yalnız məhkəmə instansiyalarında deyil, ictimai nəzarətin gücü ilə təmin olunması məsələsi də ön plana çıxır.

Belə məhkəmə çəkişmələrindən biri hazırda Qarabağ qazisi Mustafa Hacıbəyli ilə “Yelo Bank” (keçmiş “Nikoyl Bank”) arasında davam edir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Mustafa Hacıbəylinin sözlərinə görə, artıq dörd ildən çoxdur ki, məhkəmələrdə ədalət axtarışındadır. Söhbət bir vaxtlar manatla götürülən ipoteka kreditinin ödənilməsinə baxmayaraq, bankın devalvasiyadan sonra dollarla borc tələb etməsindən və evin girov kimi əlindən alınması təhlükəsindən gedir:

"29 avqust 2025-ci il tarixində Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə növbəti iclas keçirilib. İclasda müdafiə tərəfi iki ekspertin, Azərbaycan Respublikası Auditorlar Palatasının eksperti Aftandil Əliyevin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Toğrul Cəfərlinin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti qismən təmin edərək yalnız Toğrul Cəfərlinin prosesə dəvət olunmasına qərar verib".

Zərərçəkən qeyd edib ki, 2008-ci ildə Hacıbəylinin yaxın dostu onun evini girov qoyaraq “Nikoyl Bank”dan 33 min manat ipoteka krediti götürüb. Sonrakı illərdə bank kassasına 60 min manata yaxın vəsait ödənilib. Azərbaycan Respublikası Auditorlar Palatasının rəsmi rəyi də borcun artıqlaması ilə ödənildiyini təsdiqləyib. Buna baxmayaraq, bank manatla verilmiş krediti 2015-ci il devalvasiyasından sonra dollarla geri tələb etmək niyyəti ilə məhkəməyə iddia qaldırıb.

Dörd ildən artıqdır davam edən məhkəmə prosesi hələ də yekun qərarla nəticələnməyib. Qarabağ qazisi bildirir ki, burada əsas məsələ bankın sahibinin vətəndaşlığı ilə bağlı deyil, ona qarşı irəli sürülən əsassız iddianın mövcudluğudur. O, ədalətli qərarın qəbul olunması üçün kifayət qədər sübutların, o cümlədən Auditorlar Palatasının rəsmi rəyinin ortada olduğunu vurğulayaraq ictimai dəstəyə ehtiyac duyduğunu bəyan edib.

Növbəti məhkəmə iclası 10 sentyabr 2025-ci il tarixində, saat 12:20-də Bakı Apelyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə davam etdiriləcək.

Proseslə bağlı sözügedən bankın mövqeyini işıqlandırmağa hazırıq.

Əli Hüseynov


SON XƏBƏRLƏR