ABŞ Rusiyaya qarşı 400 hüquqi və fiziki şəxsi əhatə edən genişmiqyaslı sanksiya paketi tətbiq edib.
Bakıvaxtı.az-ın məlumatına görə, məhdudlaşdırıcı tədbirlər Rusiyanın metallurgiya sənayesinə, dağ-mədən sənayesinə, LPG tankerlərinə, maliyyə sektoruna xidmət göstərən proqram təminatçılarına qarşı yönəlib. Bundan başqa, Rusiyanın sanksiyalardan yayınmasına kömək edən beynəlxalq şəbəkə (Çin, BƏƏ, İsveçrə, Türkiyə, Fransa və digər ölkələrdə qurulmuş şirkətlər) də hədəf alınıb. Sanksiya altına düşən 100-dən çox hüquqi və fiziki şəxs bu şəbəkəyə aiddir.
ABŞ bacardığı qədər Rusiyanı sıxışdırmağa çalışsa da, indiyə kimi sanksiyaların effektiv olmamasının səbəbi nədir?
Politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ sanksiyalarının effektiv olmamasının başlıca səbəbi Rusiya hakimiyyətindəki iqtisadi komandanın çox güclü olmasıdır.
Onun sözlərinə görə, bu güc xüsusən də baş sektorunda hiss olunur:
"ABŞ hazırkı sanksiyalardan öncə də Rusiyaya qarşı kifayət qədər irihəcmli sanksiyalar tətbiq etmişdi. Lakin bu sanksiyalar effektiv nəticə verməyib. Bunun səbəbi iqtisadi vəziyyətlə bağlıdır. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina elə bir sistem qurub ki, Qərbin sanksiyaları Rusiyanın bank sektoruna təsir edə bilmir. Məlumdur ki, iqtisadiyyatın ana xəttini də bank sistemi təşkil edir. Putinin özü də Rusiyanın iqtisadi komandasından çox razıdır".
Z.Əmrəliyev hesab edir ki, tətbiq olunan yeni sanksiyaların da hansısa formada Rusiyaya təsir edəcəyi gözlənilmir.
"Rusiyanın ərazisi böyük olduğuna görə təbii ehtiyatları kifayət qədər zəngindir. Ona görə də sözügedən sanksiyalarla mübarizə aparmaq mümkündür. Bundan başqa, Qərbdə qeyri-rəsmi formada Rusiya ilə əməkdaşlığı davam etdirən xeyli sayda şirkətlər və dövlətlər var. Bütün hallarda Rusiya artıq Şərq bazarlarında daha çox fəallaşma başlayıb" , - deyə müsahibimiz qeyd edib.

Zeynal Əmrəliyev: Sanksiyalar Rusiya iqtisadiyyatında müəyyən problemlər yarada bilər, amma...
Politoloqun fikrincə, Rusiyanın Qərbin sanksiyaları qarşısında zəifləcəyi gözlənilmir. Sanksiyalar Rusiya iqtisadiyyatında müəyyən problemlər yarada və iqtisadiyyatının böyüməsinə əngəl törədə bilər, amma rus iqtisadiyyatını ciddi şəkildə kiçildə bilməyəcək:
"Qərbin sanksiyalar vasitəsilə Rusiyanı durdura biləcəyini düşünməsi çox səhv yanaşmadır".
Gülşən Şərif




jpg-1727337394.webp)











