İsrailin Müdafiə Ordusu Qəzza zolağı sakinlərinin anklavın şimal hissəsinə yalnız tənzimlənmiş marşrutlar üzrə qayıda biləcəyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İsrail Ordusunun rəsmi nümayəndəsi Avaihaya Adraiyə istinadən məlumat yayıb.
Yaxın Şərq KİV-lərinin məlumatına görə, əvvəllər köçürülmüş sakinlər tədricən anklavın şimal rayonlarına qayıdırlar.
A.Adrainin sözlərinə görə, Qəzzanın cənub hissəsindən bu zolağın şimal hissəsinə və əksinə hərəkətə sahilyanı Rəşid yolu və Salah-əd-Din şossesi üzrə icazə verilib.
Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs haqqında razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılmasından sonra qüvvəyə minib.
Sənədə əsasən, tərəflər döyüş əməliyyatlarını tamamilə dayandırmağı, girovlar və məhbuslarla mübadilənin aparılması üçün təhlükəsiz şərait təmin etməyi öhdələrinə götürürlər.