Son günlər əksəriyyət yüksək hərarət, baş ağrısı və tərləmədən əziyyət çəkir. İnsanlar bu simptomları daşıdıqlarını və çox gec sağaldıqlarını iddia edirlər.
Qeyd edək ki, cəmiyyət arasında bunun koronavirusun bir növü olduğu da müzakirə mövzusuna çevrilib.
Koronavirus geri qayıdır?
İnfeksionist Sadiqə Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, payız mövsümü ilə əlaqədar təkcə koronavirus deyil, digər respirator virus infeksiyalarında da artım müşahidə olunur: “Elə kəskin respirator virus infeksiyalarından olan qripdə də artım müşahidə edirik”.
Onun sözlərinə görə, koronavirusa yoluxmaların artma səbəbi insanların məzuniyyətdən qayıtması, tədrisin başlanması və insanların qapalı məkanlarda daha çox olması ilə əlaqədardır: “Bu artım təbiidir, belə də olmalıdır. Hazırda insanlar arasında yayılmış xəstəliklərin içərisində həm koronavirus, həm də digər respirator viruslar mövcuddur. Bunları tam dəqiq demək üçün xəstələrdən laborator müayinələr götürülməlidir. Simptomlar çox oxşar olduğundna laborator müayinə zamanı koronavirusu kəskin respirator viruslarından ayırmaq olur”.

Sadiqə Əliyeva: Yayılmış xəstəliklərin içərisində həm koronavirus, həm də digər respirator viruslar mövcuddur
S.Əliyeva qeyd edib ki, müraciət edən xəstələrdə qızdırma, tərləmə, baş ağrısı və s. bu kimi simptomlar müşahidə edilir: “Ancaq qeyd edim ki, insanlar xəstəliyi yüngül keçirir, xəstəxanaya müraciət halları çox deyil. Xəstələnən çoxdur, lakin ağır keçirənlər azdır”.
Aytac Aslan
















