Novruz bayramı ərəfəsində, bayramqabağı, eləcə də bayramdan sonra vətəndaşların paytaxtdan bölgələrə, eləcə əks istiqamətə axını artır. Bu da, təbii ki, suni qiymət artımı, sərnişin sıxlığı kimi müxtəlif problemlərin ortaya çıxmasına səbəb olur.
Bəs sərnişinlərin rahatlığını təmin etmək üçün müvafiq qurumlar hansı işləri görəcək?
Bakıvaxtı.az bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ünvanlayıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakıvaxtı.az-a bildirilib ki, qurum gücləndirilmiş iş rejiminə keçəcək:
“Biz bu barədə Kompleksin saytında və sosial şəbəkələrimizdə sərnişinlərə əlavə məlumat verəcəyik”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, uzun müddətdir olduğu kimi bu bayramda da Avtovağzalda suni qiymət artımı halları olmayacaq:
Artıq sərnişinlər kassalardan onlayn şəkildə bilet alırlar. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bayram ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək”.

“Azərbaycan Dəmir Yolları” QSC-dən isə Bakıvaxtı.az-a bildirilib ki, Novruz bayramında Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə əlavə 10 qatar reysi təyin edilib:
“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.
Belə ki, 20-26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür. Hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir”.
Qurumdan Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslərlə bağlı məlumatın yaxın günlərdə açıqlanacağı qeyd olunub.
Günəş Mərd
















