Adam var el onun yükünü çəkir, adam da var, o, elin yükünü çəkir. İlham Pirməmmədov elin yükünü çəkən, 7-dən 70-ə hər kəsin qayğısı ilə maraqlanan şəxsiyyətdir. Ölkənin dörd bir yanından müraciət edənlərə qucaq açıb. Vətənin vətəndaşına layiqli xidmət göstərməklə vətənləşib.
***
Adam var davranışı ilə tarixdən düşür, adam da var davranışı, rəftarı və əməli-saleh addımları ilə tarixə düşür. İlham müəllim bütün addımları ilə tarixə düşür. İlham müəllim daim barışdırıcı mövqedədir, daim dostluq və humanizm prinsiplərini önə çəkir, yaxşılıq edir, yol göstərir.
***
Adam var yaşa dolduqca mütrüfləşir, adam da var yaşa dolduqca müdrikləşir. İlham müəllim müdrikliyi və ərkanı ilə daim dünənimizə, bugünümüzə və sabahımıza güzgü tutur, güzgü olur.
***
İlham müəllim sözün bütün semantik duyumlarında böyük hərflərlə ZİYALIDIR, AĞSAQQALDIR, MAYAKDIR, DAYAQDIR, DƏDƏDİR. Dədəlik, ağsaqqalllıq, ziyalılıq yaşla deyil, zəngin təcrübə, sağlam düşüncə, nümunəvi davranışla qazanılır... İynə ucu qədər də mübaliğəyə yol vermədən deyə bilərik ki, İlham müəllimin həyat kredosunda bu komponentlər prioritet təşkil edib, edir.
***
Doğrudan da, hər bir ölkənin alimi, o ölkənin, vətənin milli sərvəti, milli xəzinəsi, milli ziyalısı hesab olunur. İlham müəllim də öz elmi əsərləri ilə bizim milli sərvətimizə çevrilmiş alimdir. Bu mənada ki, İlham müəllim həyatı boyu təbəddülat axtarışında olub və o pozitiv dəyişiklikləri qazanıb, bəzən isə yaradıb. İlham müəllim yetişdirdiyi və ya formalaşdırdığı alimlərlə Azərbaycanın “milli beyin bankı”na böyük töhfələr vermişdir. Bu mənada qeyd edə bilərik ki, ətrafımızda, yaxınımızda, uzağımızda İlham müəllim kimi alimimiz varsa, deməli, zəngin, nurlu bir aləmimiz, dünyamız var. Heç kimə sirr deyil ki, alimlər ölkə, dövlət, cəmiyyət və sağlam düşüncəli vətəndaş yetişdirmək naminə öz ömrünü şam kimi əridib, ətrafı aydınladır. İlham müəllim də bizim bu statusda, bu zirvədə, bu böyüklükdə olan alimimizdir. O öz elmi yanaşma və əsərləri ilə cəmiyyətimizdə və eləcə də elmi cameədə istinad mücəssəməsi rolunu oynayıb. İlham müəllim Azərbaycanda təkcə alim kimi deyil, həm də sağlam düşüncəli vətəndaş, əsl ziyalı şəxsiyyət olaraq da tanınır. Bu mənada İlham müəllim kimi şəxsiyyətlərin yalnız doğum günü olur. Dünyaya gəlişiniz mübarək, İlham müəllim!
Ayyət Əhməd
Bakı 




