"Rahat" supermarketlər şəbəkəsinə məxsus mağazada xoşagəlməz hal yaşanıb.
Bu barədə Bakıvaxtı.az-a şikayət daxil olub.
Şikayətçi qeyd edib ki, avqustun 14-ü saat 18 radələrində supermarketlər şəbəkəsinin Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "Metropark" Ticarət Mərkəzindəki filialında alış-veriş edən zaman bir məhsulun qiymətini öyrənməklə bağlı marketin əməkdaşına müraciət edib. Vitrində məhsulun dəyərinin yazılmadığına görə əməkdaş onu qiyməti öyrənmək məqsədilə kassaya yaxınlaşmasını xahiş edib.
Müştəri kassirə sualını ünvanlayan zaman kobud rəftarla üzləşib. Şikayətçi iddia edir ki, kassir xanım ona kobud cavab verməkdən əlavə, əldə etdiyi məhsula zərər verib.
Bakıvaxtı.az daxil olan şikayətlə bağlı marketin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu göndərib.
Sorğunun nəticəsi olaraq redaksiyaya bildirilib ki, baş vermiş xoşagəlməz hal araşdırılıb, kassir və kassir administratoru ilə bağlı ölçü götürülüb:
"Daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, supermarketlər şəbəkəsinin adıçəkilən filialında baş vermiş xoşagəlməz halla bağlı məyusuq. İstənilən halda müştərilərin məmnunluğu bizim üçün önəmlidir. Hadisə ilə bağlı filialda araşdırma aparılıb, müştəriyə qarşı kobud rəftar göstərən kassir və kassir administratoru ilə bağlı ölçü götürülüb".
Əli Hüseynov
















