• Bakı 12° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Raket ver, narkotik al - Əsədin əmisi oğlundan etiraf

DÜNYA

29 Mart 2026 | 17:40

Raket ver, narkotik al - Əsədin əmisi oğlundan etiraf

Suriya rejiminin keçmiş rəhbəri Bəşər Əsədin yaxın ətrafı və ailə üzvləri Kolumbiya narkokartelləri ilə qaranlıq silah-narkotik ticarəti sxemində ifşa olunub.

Bakıvaxtı.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Əsədin əmisi oğlu Antuan Kassis 500 kiloqram kokaini hərbi texnika və silahla dəyişdirmək istəyərkən ABŞ-ın Narkotiklə Mübarizə İdarəsi (DEA) tərəfindən saxlanılıb. Təxminən 14 milyon dollar dəyərində olan bu sövdələşmə çərçivəsində Suriya ordusunun ehtiyatlarından olan "Stinger" raketləri, pilotsuz uçuş aparatları və qumbaratanlar Kolumbiyanın "Milli Azadlıq Ordusu" (ELN) qruplaşmasına göndərilməli idi. Məhkəmə sənədlərindən məlum olur ki, bu cinayət şəbəkəsi "Hizbullah" vasitəsilə Yaxın Şərqlə Cənubi Amerika arasında gizli marşrut qurub və son 18 ayda kriptovalyuta əməliyyatları da daxil olmaqla 82,5 milyon dollarlıq dövriyyə həyata keçirib.

Hazırda ABŞ-da istintaq altında olan Antuan Kassis narkoterrorizmdə günahkar bilinib və o, məhkəmədəki ifadəsində bütün bu sxemin birbaşa Bəşər Əsədin qardaşı, elit 4-cü zirehli diviziyanın komandanı Mahir Əsəd tərəfindən idarə olunduğunu etiraf edib. Kassisin sözlərinə görə, Latakiya limanı vasitəsilə ölkəyə daxil olan hər kiloqram kokain üçün Suriya hökumətinə 10 min dollar "rüşvət" ödənilib. Bundan əlavə, məhkəməyə təqdim edilən sübutlar göstərir ki, Əsəd rejimi təkcə narkotik tranzitindən deyil, həm də ölkə daxilində "kaptaqon" adlı sintetik stimullaşdırıcının kütləvi istehsalından nəhəng gəlirlər əldə edib. "New York Times"ın da daha əvvəl təsdiqlədiyi kimi, Suriyada narkotik istehsalı faktiki olaraq dövlət səviyyəsində, xüsusən də Mahir Əsədin rəhbərlik etdiyi hərbi birləşmələr tərəfindən himayə olunub. İyulun 2-də hökm oxunacaq Antuan Kassisi 20 ildən ömürlük həbsə qədər cəza gözləyir ki, bu da beynəlxalq hüquq müstəvisində Əsəd ailəsinin cinayət əməllərinin rəsmən təsdiqi kimi qiymətləndirilir./Musavat


SON XƏBƏRLƏR