İran hakimiyyəti ABŞ və İsrailin “Haman” adlı yeni hərbi plan hazırladığını iddia edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İranın yarırəsmi nəşri olan Tehran Times yayıb.
İddialara görə, plan İrana qarşı mərhələli hücum ssenarisini əhatə edir və əsas diqqət quru əməliyyatına yönəlib. Bildirilir ki, 9 min nəfərlik xüsusi təyinatlı qüvvənin iştirakı ilə həyata keçiriləcək əməliyyat üç istiqamətdən – şimal-qərb, cənub-şərq və Bəhreyn xətti üzrə aparılacaq.
Məlumata əsasən, hücum çərçivəsində İranın strateji hava limanları əsas hədəf kimi seçilib. Bəndər Abbas, Kermanşah, Təbriz və Urmiya şəhərlərində yerləşən hava limanlarına enişlərin planlaşdırıldığı iddia olunur.
Bununla yanaşı, plana 5-15 nəfərlik kiçik təxribat qruplarının daxil olduğu və bu qrupların İranın nüvə obyektlərinə qarşı diversiya əməliyyatları həyata keçirməsinin nəzərdə tutulduğu bildirilir.
“Haman” adının seçilməsi də diqqət çəkir. Bu ad həm Quranda, həm də Tövratda yer alan fiqurla əlaqələndirilir. Qurani-Kərimdə Haman fironun yaxın çevrəsində yer alan və zülm sisteminin iştirakçısı kimi təqdim olunur. Tövratda isə o, Fars hökmdarının vəziri kimi təsvir edilir və sonda öz qurduğu tələnin qurbanına çevrilir./Musavat.com
Bakı 




