• Bakı 35° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Rənglər psixologiyamıza necə təsir göstərir?

CƏMİYYƏT

11 Aprel 2022 | 12:56

Rənglər psixologiyamıza necə təsir göstərir?

Gündəlik geyimlərimizdə müxtəlif rənglərdən istifadə edirik. Bu rənglər bizə müəyyən rahatliq verir. Bizim rəng seçimimiz nə ilə əlaqədardır?

Psixoloq Rafiq Allahverdiyev Bakıvaxtı.az-a rənglərin insan psixologiyasına təsirindən danışıb. Rənglər təbiəti simvolizə edən hisslərdi. Rənglər insan psixikasında hissləri əvəz edir. Bunlar isə təbiətlə bağlıdır. Təbiət isə insanın təbiətini formalaşdırır. Ona görə də rənglərin insan psixikasına təsiri birbaşadır. Onun sözlərinə görə, insanın əhval-ruhiyyəsinə, planlarına, iradəsinə, emosional çalarlarına birbaşa təsir edir. Lakin insanların əksəriyyəti rənglərin psixologiyasını bilmir.

Göy və sarı rəng - İlk rənglər göy və sarıdan başlayır. Çünki göy və sarı xramatik rəng, digərləri isə axramatik, yəni onlardan törəyən rənglər hesab olunur. Göy rəng adətən kölgə, sarı isə işıq rəngi adlandırılır. Rənglər həmçinin insanda temperal psixologiya, yəni temperatura yaradırlar. Tutaq ki, göy soyuq, sarı isə isti rənglər adlandırılır. Qırmızı fiziki rəngi, yəni idman, qaçmaq, yerimək kimi hərəkətləri, sarı isə insanda əqli, zehni fəaliyyəti tənzimləyir. Göy isə birbaşa insanarın emosiyalarına təsir edir. Əgər hansısa rəng bizə mənfi təsir göstərirsə, biz dərhal onun əksi olan rəngdən istifadə etməliyik.

Qara rəng - Məsələn, qara rəng ağın tamamilə əksidir. Qara rəng ətrafda çox olanda insanlarda “hər şey yaxşı olacaq” ümidi, fikri yaranır, amma aktiv fəaliyyəti ləngidir. Yəni, hər şey yaxşı olacaq, amma nə isə etməyə icazə vermir. Ona görə də həbsxanalarda, yas yerlərində ən çox qara rəngə üstünlük verilir. Yəni, insanlar ümidsizliyə qapanmasın. Qara həm də dini etiqadı gücləndirir. Bundan əlavə, qara rəngən çox istifadə etmək insanda xəstəliklərin yaranmasına səbəb olur. Diqqət etsək, görərik ki, Hindistanda ümumiyyətlə, qara rəngdən istifadə olunmur. Avropada isə bu rəngən olduqca az istifadə edilir. Qara rəng insanda şəkər, ürək, xərçəng, astma-bronxit xəstəliklərini yarada bilir.

Ağ rəng - Ağ insanda mükəmməllik və işi yekunlaşdırmağı simvolizə edir. Ona görə də gəlinlik paltarları ağ olur. Lap əvvəllərdə hakimlər ağ parik qoyurdular. Dinimizdə də kəfəni misal göstərə bilərik. Ölkələrdə hakimiyyət adamları daha çox ağ köynək geyinir. Heç onlar bəlkə də bunun mahiyyətini bilmir. Ağ həm də insanda endokrin sistemi ilə bərabər, görməyə müsbət təsir göstərir. Ağ geyim insanın dərisini yumuşaldır.

Gümüşü rənglər - Diqqət etsək, görərik ki, mebellərin, qapıların, maşınların tutacaqları, saatlar, aksesuarlar gümüşü rəng olur. Gümüşü rəngin çoxluğu azadlığa cəhd eləmək, bütün məhdudiyyətləri dəf etmək cəhdi formalaşdırır. Bu hisslər həm də tədricən insanda həyəcanı azaltma psixologiyası əmələ gətirir. Gümüşü rəngdən çox istifadə edən adamlarda mübahisələri tez yekunlaşdırmaq, çürütməmək hissi yaranır. Gümüşü rəng sevənlər həm də fantaziyalara meyilli olurlar.

Boz rəng - Ətrafımızda əgər boz rəng çox olarsa, insanda özünü lazımsız hesabetmə hissi yaradır. Boz ağ və qaranın əksidir. Boz rəngin yeganə bir şərti var. Boz insandan stabillik və harmoniyanı tələb edir. Adam bu zaman düşünür ki, kaş hər şey stabil, yaxşı olsun, eybi yox mən kasıbamsa, haqqımı tabdalayırlarsa da, təki sakitçilik olsun. Boz insanda tənhalıq, “gələcək heç vaxt olmayacaq” düşüncəsi əmələ gətirir.

Qırmızı rəng - İnsanları ən çox maraqlandıran rəngdir. Qırmızı ətrafda çox olarsa, insanlar hər şeydə birinci olmaq istəyir, söhbətin ətrafında fırlanmır, nəyi istəyirlərsə, gedib götürürlər. Yəni, istədikləri şey üçün xahiş etmirlər, nəyisə qurban vermək bahasına da olsa, istədiklərini alırlar. Qırmızı sevənlərin devizi budur: “Qoy, güclülər yaşasın”. Qırmızı həm də intim münasibətlərdə aktivliyə gətirib çıxarır. Qırmızı sevənlər ədalət axtarır, amma onu özlərinin başa düşdüyü şəkildə qəbul edirlər. Qırmızı sevənlər kölgədə qalmağı sevmir, onlara ancaq “sən birincisən” deməlisən. Çünki əksi olduqda onlar başqalarına ziyan vura, təhqir edə biləcək səviyyəyə gəlib çata bilərlər. Qırmızı sevənlər yaxşı mənada ədalət naminə özlərini qurbanvermə, pis mənada isə qatil olma səviyyəsinə gəlib çata bilərlər.

Rənglərin məkanda yerləşməsinə görə də insan psixologiyasına təsiri var.

Qırmızı - Əgər qırmızı rəng məkanın tavanındadırsa, qıcıqlandırıcı, səfərbəredici hiss yaradır, erotogen təsir göstərir. Adətən otellərin, yataq otaqlarının tavanı qırmızı olur. Əgər qırmızı döşəmədədirsə, insanların hisslərini yandırma psixologiyası yaradır.

Çəhrayı - Çəhrayı tavandadırsa insana yüngüllük, rahatlıq hissi yaradır. Əgər bu rəng sağ və ya sol tərəfdədirsə, mehribanlıq hissini gücləndirir. Əgər çəhrayı yerdədirsə, qoxubilmə hissi ilə assosasiya olunur. Sanki insanlar qoxunu digərlərindən daha çox hiss edir.

Narıncı - Əgər narıncı tavandadırsa, diqqətin toplanmasına kömək edir. Adətən təlim, təhsil müəssəsilərində, xəstəxanalarda tavanda narıncıdan istifadə olunur. Əgər bu rəng yanlarda, sağ və ya sol tərəfdədirsə, istilik hissi oyadır. Adətən masaj otaqlarında divarlarda narıncıdan istifadə olunur. Əgər narıncı döşəmədədirsə, mənsubiyyət və istilik hissi yaradır. Yəni insan adətən belə zamanlarda düşünür ki, bura mənimdir, mən bura aidəm, mən şagirdəm, müəlliməm, filankəsin oğluyam.

Sarı - Əgər sarı tavandadırsa gərginlikdən azad olmaq mənasına gəlir, refleksoloji təsir bağışlayır. Bu, bəzən təlqin hissinə gətirir. Əgər bu rəng divarlardadırsa, gərginliyi artıra, xoş əhval-ruhiyyəni dağıda bilir. Sarı döşəmədədirsə, ruh yüksəkliyiəmələ gətirir. Amma bu ruh yüksəkliyi məcazi mənada olur, insan bilmir nə istəyir.

Yaşıl - Yaşıl tavandadırsa, qeyri-təbii qəbul edilir. Yaşıl adamda sünilik yaradır. Bu rəng divarlardadırsa, sakitləşdirici effekt yaradır. Məsələn, məscidlərdə, dini məbədlərdə, idman zallarında yaşıldan istifadə olunur. Yaşıl döşəmədədirsə, insanlara yuxu gətirir.

Mavi - Mavi tavandadırsa insana yüngüllük hissi verir. Bu rəng divarlardadırsa, insanı cəmiyyətdən uzaqlaşdırma psixologiyası yaradır. Döşəmədə yaşıldan istifadə olunursa, adamda laqeyidlik yaradır.

Göy - Göy rəng tavandadırsa, insanda narahatlığı artırır. Əgər bu rəng divardadırsa, kollektivdə bir şeyləri başa salan, təhsil, məsləhət verən insanardan qaçmaq hissi yaradır. Yəni divarlarda olan göy rəng “mənə ağıl vermə” psixologiyası yaradır. Bu rəng döşəmədədirsə, insanda sonsuzluq hissi yaradır, yəni onlar düşünür ki, bu iş bitməyəcək, nə vaxt bitəcək və s.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

03 Avqust 2025
02 Avqust 2025