“Baş verən bu hadisəyə, təyyarəmizin vurulmasına görə, Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova birbaşa təlimat verməlidir ki, o, dərhal çıxıb Azərbaycan xalqından üzr istəsin”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov AZAL təyyarəsinin Qroznıda Rusiya HHM tərəfindən vurulmasına münasibət bildirərkən deyib.
Ekspert vurğulayıb ki, Çeçenistan adından Azərbaycandan üzrü ya prezident Ramzan Kadırov, ya da Təhlükəsizlik Şurasının sədri Hamzat Kadırov istəməlidir:
Fuad Abbasov, siyasi şərhçi
"Ya da Kadırovun Rusiyadakı nümayəndəsi bunu etməlidir”.
Müsahibimiz xatırladıb ki, 2020-ci ilin noyabr ayında Azərbaycan təsadüfən nəticəsində Rusiyaya məxsus helikopteri vurmuş və bunu dərhal etiraf edərək qarşı tərəfdən üzr istəmişdi:
“Bakı ən yüksək səviyyədə Rusiyaya üzrxahlıq etmişdi. Ekipaja, pilotun ailəsinə yüksək səviyyədə təzminat ödədi. Amma Rusiya bu faciəli hadisəyə nəinki reaksiya vermir, hətta Azərbaycanın qəza halında olan təyyarəsini bütün beynəlxalq havaçılıq standartlarının əksinə gedərək öz ərazisindəki hava limanlarına enməsinə icazə verməyib. Bu, beynəlxalq cinayətdir. Hava kodeksinin ən kobud şəkildə pozulmasıdır. Rusiya ən yüksək səviyyədə üzrxahlıq etməlidir. Həyatını itirmiş, yaralanmış vətəndaşlarımıza təzminat ödəməlidir. O cümlədən AZAL-ın itirdiyi təyyarənin də pulunu ödəməlidir”.
“Bunlar reallaşmazsa, Azərbaycan Rusiya ilə əlaqələrini ciddi şəkildə nəzərdən, gözdən keçirməlidir", - deyə Fuad Abbasov vurğulayıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
İlkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.
Aydın Baxış