• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya-Ukrayna münaqişəsi kimlərə sərf edir?

DÜNYA

17 Fevral 2022 | 15:09 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya-Ukrayna münaqişəsi kimlərə sərf edir?

Son aylar, demək olar ki, bütün dünyanın müzakirə etdiyi məsələlərdən biri də Rusiya və Ukranya arasında olan gərginlikdir. Bəziləri böyük müharibə olacağını iddia edir, bəzilərin isə belə bir ehtimalın olmadığını düşünür.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a bildirib ki, Rusiya və Ukranya arasında müharibə ehtimalı bir neçə gündür Amerika rəsmiləri və Qərb mətbuatı tərəfindən səslənməkdə idi: “Şəxsən mən ötən həftə verdiyim müsahibələrdə də qeyd etmişdim ki, indiki halda Rusiya Ukranyaya hücum etməyəcək. Ələlxüsus ABŞ-ın və Qərb mətbuatının 15-16 fevral tarixlərini dediyi bir zamanda Putin Ukranyaya hər kəsin gözlədiyi bir vaxtda hücum edə bilməzdi. Digər tərəfdən, hazırda danışıqların Rusiyanın istədiyi şəkildə Ukranya və Rusiya arasında davam etməsinin şahidiyik”.

Z.Məmmədov hesab edir ki, Ukranya və Rusiya arasındakı problemin əsası ABŞ və Rusiya arasındakı geosiyasi mübarizənin nəticəsidir: “Rusiyanın Ukranyadan istədiyi əsas şərtlərdən biri də Kiyevin Minsk razılaşmasını reallaşdırmasıdır. Əlbəttə ki, Minsk razılaşmasının reallaşması Ukranyanın milli maraqlarına cavab vermir. Çox təəssüflər olsun ki, vaxtı ikən Qərb, ilk növbədə, Almaniya və Fransa Ukraynanı Minsk razılaşmasını imzalamağa vadar etmişdilər. Baxmayaraq ki, bu razılaşması Ukranyanın federallaşması demək idi”.

Zaur Məmmədov: Hazırda danışıqların Rusiyanın istədiyi şəkildə davam etməsinin şahidiyik

Politoloqun sözlərinə görə, ümumilikdə, Ukranya bunun maraqlarına cavab vermədiyini əsas gətirərək, Minsk razılaşmasını reallaşdıra bilməz: “Lakin bəzi iddialara görə, Zelinski ilə Ukranyanın Şərq vilayətlərinə yeni status verilməsi ilə bağlı razılığa gəlinib. Bu razılıq Minsk sazişindən bir qədər fərqli kompromisə hesablanan bir razılıq olmalıdır. Hər halda, bunun necə olub-olmayacağını zaman göstərəcək”.

Dediyinə görə, Rusiyanın digər tələblərindən biri NATO-nun genişlənməməsi idi. NATO-nun genişlənməməsi ilə bağlı qarantiya NATO və Amerika tərəfindən verilə bilməz. Belə olan təqdirdə, neytral status almalıdır.

Z.Məmmədov qeyd edib ki, gələcəkdə Ukranyada Finlandiyalaşma görə bilərik. Bu, müharibə ehtimalını azaldan ehtimallardır: “Müharibə ehtimalının azalması indiki halda bu danışıqlara görə mümkündür. Hazırda Almaniya Fransanın vasitəçiliyi ilə Ukranya və Rusiya arasında danışıqlar davam edir. Müharibə nə Rusiyanın, nə də Ukranyanın maraqlarına cavab verir. Əksinə, müharibə ABŞ-ın maraqlarına cavab verir. Hansı ki, “parçala və hökmranlıq et” siyasəti ilə dünyanın ayrı-ayrı yerlərində öz maraqlarını həyata keçirməkdədir. Əlbəttə ki, ərazi bütövlüyünün hansısa qonşu dövlət tərəfindən onun xarici siyasət oriyentasiyasına görə pozulması və milli suverenliyə qarşı təhdidlər yolverilməzdir. Biz bu gün yenidən görürük ki, beynəlxalq güclər öz məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrə əl atırlar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026