• Bakı 15° C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Sabirabadda 17 yaşlı qızın toyu oldu, cehizlər aparıldı, 2 gündən sonra isə... - Oğlan toyu olacaqmı?

CƏMİYYƏT

21 Oktyabr 2025 | 10:19

Sabirabadda 17 yaşlı qızın toyu oldu, cehizlər aparıldı, 2 gündən sonra isə... - Oğlan toyu olacaqmı?

Sabirabadda erkən nikahın qarşısının polis tərəfindən alındığı ilə bağlı məlumat vermişdik.

Bakıvaxtı.az xatırladır ki, rayonun Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyevin Türkədi kəndində yaşayan 17 yaşlı Zəhra Salmanlı ilə toyu olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, rayon ərazisində şadlıq saraylarının birində nikah yaşına çatmayan qızın toy mərasiminin keçirilməsi ilə bağlı polisə daxil olan məlumat üzrə hər iki tərəfin valideynləri aidiyyəti üzrə polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə verilən məlumata görə, faktın araşdırılması məqsədilə Komitənin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yerli icra hakimiyyətinin, rayon polis şöbəsinin və Yolçubəyli KİƏD nümayəndəsinin iştirakı ilə hər iki ailəyə səfərlər təşkil edilib.

Zəhra Salmanlının ailəsinə səfər zamanı qız atası Qənimət Salmanov 15.10.2025-ci il tarixində qız toyu mərasiminin keçirildiyini bildirib. Orxan Mehbalıyevin ailəsinə səfər zamanı oğlan anası Şairə Mehbalıyeva isə oğlan toyunun Zəhra Salmanlının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildirib.

Faktla bağlı Qanun çərçivəsində tədbirlərin görülməsinə dair Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara məktub göndərilib.

Hər iki qurumdan verilən xəbərdə keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısının alındığı bildirilsə də, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 23-də oğlan toyu baş tutacaq.

Mənbə qeyd edib ki, tərəflər əks-səda yaratmasın deyə toyu şadlıq sarayında yox, O.Mehbalıyevgilin həyətində keçirəcək:

“Oğlan toyu ayın 23-də olacaq. Dəvətnamələr artıq paylanılıb. Ayın 22-i ciyəraxşamı olacaq. Toyu gizli şəkildə edəcəklər. Qız gəlinlik geyinməyəcək. Oktyabrın 18-də isə qızın cehizləri oğlan evinə aparılıb”.

Mənbə iddia edib ki, toydan sonra bəy-gəlin Ukraynaya gedəcək. Onların hətta oktyabrın 26-na təyyarə biletlərinin alındığı da bildirilir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

20 Oktyabr 2025