Sabirabadda valideyinlərin 14 yaşlı qızla 20 yaşlı oğlanı nişanladığı iddia edilir. Məlumata görə, qanusuz izdivac rayonun Əsədli kəndində baş tutub.
Bakıvaxtı.az xezerxeber.az-a istinadən xəbər verir ki, nişanlandığı deyilən qızın yaxınları isə belə bir halın baş vermədiyini iddia ediblər.
Yeniyetmənin anası iddia edib ki, nişan olmayıb. Qızın atası məclislərdən birində sərxoş halda söz verib.
Sabirabad Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ diqqətdə saxlanılır.
Sabirabad polisi isə erkən nikah haqqında niyyətdən xəbər tutduqdan sonra 20 yaşlı Elvin Məmmədli, onun atası Elşən Məmmədli və 14 yaşlı qızın atası Hikmət Fərzəliyevi şöbəyə dəvət edib. Onlarla söhbət aparılarkən qızın atası Hikmət Fərzəliyev qışqıraraq söyüş söyüb, qızı ilə nişanlanan oğlanın atasını təhqir edib. Bu zaman onunla qızın nişanlandığı Elvin Məmmədli arasında mübahisə yaranıb. Polisin sakitləşdirməsinə baxmayaraq onlar ictimai asayişi pozublar.
Hikmət Fərzəliyev və Elvin Məmmədli barəsində protokol tərtib olunub və məhkəməyə göndərilib. Onlar məhkəmənin qərarı ilə inzibati qaydada 8 sutka həbs olunublar.