“Hava şəraiti insan sağlamlığına və bədən funksiyalarına birbaşa təsir göstərir. Mövsümə uyğun qidalanma sağlam həyat tərzini qorumaq üçün vacib amillərdən biridir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, soyuq havalarda bədən istiliyini saxlamaq üçün daha çox enerji sərf edir: “Buna görə də zülallar, yağlar və kompleks karbohidratlarla zəngin qidalara ehtiyac artır. Bu balansı qoruya bilməmək enerji çatışmazlığına, immun sistemin zəifləməsinə və həzm problemlərinə səbəb ola bilər”.
Mütəxəssis-eksperti bildirib ki, günəşli günlərin sayı azaldığından immun sisteminin zəifləməməsi üçün vitamin D balansının bərpası çox vacibdir: “Balıq, yağlı quş əti, yumurta, süd məhsulları vitamin D, Calsium, Omeqa mənbəyidir. Soyuq mövsümdə vitamin C ilə zəngin meyvələrin qəbulu da vacibdir. Vitamin C selikli qişaların qoruyucu baryerini qüvvətləndirir və tənəffüs yolları infeksiyasından müdafiəni artırır”.
“Soyuq havalarda insanlar ona görə tez- tez xəstələnir ki, açıq havada az olur və qapalı məkanlarda vaxt keçirməyə üstünlük verirlər, bu da tənəffüs yolu xəstəlikləri üçün uyğun şərait yaradır. Ümumilikdə, insanlar soyuqdan xəstələnmir, bütün səbəb infeksiyalardı. Soyuq və təmiz havada çox qalma immun sisteminin daha da davamlı olmasına, yaxşı çalışmasına kömək edir”, - deyə qastroenteroloq əlavə edib.