Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, şahmatçılar, məşqçilər və digər rəsmi şəxslər iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "Çox şadam ki, güclü şahmatçılar çempionatda iştirak edəcəklər. Buna nail olmaq üçün xeyli işləməli olduq. Azərbaycanın hüdudlarından kənarda yaşayan şahmatçılar da gəliblər. Bu da sevindirici haldır. Bu, kişilər arasında Azərbaycanın 80-ci, qadınlar arasında 75-ci çempionatıdır. Yarışın ədalətli keçməsini istəyirik. Şahmatçıların taxta arxasında döyüşkən və fəal mübarizə aparacağına ümid edirik. Əsl idman mübarizəsi olacaq. Maraqlı partiyalar görəcəyik. Hamınıza uğurlar arzulayıram".
Fərid Qayıbov ölkə başçısının hər il idmançılarla görüşdüyünü söyləyib: "Təltif olunan arasında şahmatçımız da oldu. Daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Azərbaycan Şahmat Federasiyası yaxşı işlər görür. Azərbaycan çempionatının səviyyəsi qalxıb, şahmatçılarımız da buna layiqdirlər. Bu idman növü çox məşhur. Şahmatda nəticələrimiz ildən-ilə yaxşılaşır. Bizi maraqlı çempionat gözləyir".
Son olaraq turnirin tanıtım videoçarxı nümayiş etdirilib.
Qeyd edək ki, ölkə çempionatında 1-ci mərhələnin oyunları fevralın 1-i saat 15:00-da start götürəcək. Kişilərin yarışının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Kişilərdə 26, qadınlarda 16 qrossmeyster ölkə çempionu adı uğrunda mübarizə aparacaq.